00:00:00
Yazar
Admin User
04.02.2026 17:22 138 4 dəq oxuma
Siyasət

Çin lideri Rusiya ilə əlaqələrin inkişafına dair genişmiqyaslı plan hazırlamağı təklif edib

Çin lideri Rusiya ilə əlaqələrin inkişafına dair genişmiqyaslı plan hazırlamağı təklif edib

Çin və Rusiya ikitərəfli münasibətlərin inkişafına dair yeni genişmiqyaslı plan hazırlamalıdır. Çin-Rusiya əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur. Öz növbəsində, Putin bildirib ki, iki ölkə arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq nümunəvi xarakter daşıyır.


Mövzu ilə bağlı politoloq Azad Məsiyev "İnformator.az"a açıqlamasında bildirib ki, hazırkı əməkdaşlıq isə dünyada baş verən geosiyasi qarşıdurmalar fonunda inkişaf etməkdədir:


"Rusiya və Çin münasibətləri qədim köklərə malikdir. Hələ SSRİ dövründən Çinlə SSRİ, daha sonra isə Rusiya arasında geniş əməkdaşlıq mövcud olub. Hazırkı əməkdaşlıq isə dünyada baş verən geosiyasi qarşıdurmalar fonunda inkişaf etməkdədir. Dünyada Birləşmiş Ştatlar yeni bir düzən formalaşdırmağa çalışır. ABŞ-nin “dərin dövləti”nin ortaya qoyduğu bu layihəyə görə dünya birqütblü olmalı və bu qütbə Amerika nəzarət etməlidir. Yəni, Amerikanın imperiya xarakterli hökmranlığı dünyada əsas güc olaraq qalmalıdır. Bu imperiyaya təhlükə yaradan bütün amillər isə aradan qaldırılmalıdır. Amerikan imperiyasına əsas üç təhlükə mənbəyi mövcuddur. ABŞ-də hansı siyasi qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq istər respublikaçılar, istərsə də demokratlar bu təhlükələrə qarşı mübarizə aparılır. Birinci təhlükə hərbi gücünə görə Rusiyadır. İkinci təhlükə iqtisadi gücünə görə Çindir. Üçüncü təhlükə isə Avropanın maliyyə dayağı olan avrodur. Donald Trampın hakimiyyətə gəlməsi ilə Çinə qarşı xüsusi və açıq siyasət həyata keçirilməyə başlanılıb. Bayden dövründə isə Rusiya Ukrayna münaqişəsinə cəlb olunub. Məqsəd Rusiyanın həm hərbi, həm də iqtisadi gücünü zəiflətmək idi. Bu çərçivədə Rusiya geniş sanksiyalara məruz qalıb, Avropa ilə iqtisadi əlaqələri kəsilib və beynəlxalq siyasi sistemdə təcrid olunmağa çalışılıb".


Ekspertin sözlərinə görə, Rusiya ilə Çin arasında əməkdaşlıq məhz ABŞ-nin təzyiqləri fonunda daha da güclənir:


"İkinci əsas hədəf isə Çindir. ABŞ-nin həm Tramp, həm də digər administrasiyaları Çinə qarşı xüsusi strategiya yürüdür. Bu strategiyanın əsas elementlərindən biri Çinin enerji mənbələrinə çıxışını məhdudlaşdırmaqdır. Məlum olduğu kimi, Venesuela və İran neftinin əsas alıcılarından biri Çindir. ABŞ-nin bu ölkələrə təzyiqləri də məhz bu kontekstdə qiymətləndirilə bilər.
Çin iqtisadi gücünə görə Amerikanın qlobal hegemonluğu üçün əsas təhlükə mənbəyidir. Çin müasir texnologiyaları sürətlə mənimsəyərək Avropanı geridə qoymağa başlayıb. Artıq ABŞ-nin analitik mərkəzləri Çini iqtisadi baxımdan ən təhlükəli rəqib kimi qiymətləndirirlər. ABŞ öz xarici siyasət doktrinasında həm Rusiyanı, həm də Çini rəqib və düşmən dövlətlər kimi müəyyən edib və bu istiqamətdə siyasət aparır. Bu baxımdan Çinlə Rusiya arasında münasibətlərin inkişafında əsas amillərdən biri də məhz ABŞ-nin təzyiq siyasətidir. Çin rəhbərliyi də yaxşı anlayır ki, ABŞ Çini qlobal iqtisadi sistemdə zəiflətmək niyyətindədir. Trampın Çin məhsullarına əlavə rüsumlar tətbiq etməsi və Avropa ölkələrini də buna təşviq etməsi bunun açıq göstəricisidir. Məqsəd Çini dünya iqtisadi sistemindən sıxışdırmaqdır. Bu gün Rusiya ilə Çin arasında əməkdaşlıq məhz ABŞ-nin təzyiqləri fonunda daha da güclənir. Hər iki ölkə bir-birinə həm iqtisadi, həm də siyasi baxımdan bağlıdır. Onlar həm Şanxay Əməkdaşlıq Təşkilatı, həm də BRICS çərçivəsində sıx əməkdaşlıq edirlər. Yəni, münasibətlər təkcə ikitərəfli deyil, həm də çoxtərəfli formatda inkişaf edir. Son günlərdə Rusiya Prezidenti ilə Çin rəhbəri arasında telefon danışığı da baş tutub və iki ölkə arasında ticarət dövriyyəsinin 200 milyard dolları keçdiyi bildirilib. Bu olduqca böyük göstəricidir və əməkdaşlıq müxtəlif sahələr üzrə genişlənməkdədir".


Ekspert əlavə olaraq, Rusiya və Çin ortaq ödəniş sistemi yaratmaq istədiyini bildirib:


"Rusiya Avropa bazarını itirdikdən sonra neft və qaz kimi təbii sərvətlərinin əsas alıcısı Çinə çevrilib. Bu isə Çinin iqtisadi gücünü daha da artırır və Rusiya və Çin münasibətlərini möhkəmləndirir. Artıq elə bir mərhələyə gəlinib ki, kənar qüvvələrin bu iki ölkə arasında münasibətləri pozması real görünmür. ABŞ-nin əsas məqsədi Rusiya ilə Çin arasında qarşıdurma yaratmaq və münasibətləri gərginləşdirməkdir. Lakin buna nail ola bilməyib. Həm Çin, həm də Rusiya rəhbərliyi yaxşı anlayır ki, ABŞ və NATO bu iki dövləti hədəf alıb. BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ortaq pul vahidi və ortaq ödəniş sisteminin yaradılması ideyası da müzakirə olunur. Belə bir layihənin reallaşması yeni iqtisadi güc mərkəzinin formalaşmasına səbəb ola bilər. Yeni valyutanın meydana çıxması ABŞ dolları üçün ciddi təhlükə deməkdir. ABŞ-nin əsas gücü hərbi texnikasında deyil, dolların qlobal hökmranlığındadır. Beynəlxalq ödəniş sistemlərinə nəzarət vasitəsilə ABŞ istədiyi ölkəyə və ya şirkətə sanksiya tətbiq edə bilir. Buna görə də, Rusiya və Çin ortaq ödəniş sistemi yaratmaq istəyirlər. Əgər ortaq valyuta və ödəniş sistemi reallaşarsa, bu, Amerikanın qlobal hegemonluğuna ciddi zərbə ola bilər. Bu səbəbdən ABŞ həm Rusiya, həm də Çinə diplomatik kanallarla açıq mesajlar göndərir və BRICS-i də hədələyir.Nəticə etibarilə, Rusiya ilə Çin arasında münasibətlər artıq geri dönülməz mərhələyə daxil olub və bu əməkdaşlıq qlobal güc balansını dəyişmək potensialına malikdir".


Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər