00:00:00
Yazar
Admin User
05.02.2026 16:52 157 2 dəq oxuma
Siyasət

"Çin Rusiya və ABŞ arasında nüvə danışıqlarına qoşulmağı planlaşdırmır"

"Çin Rusiya və ABŞ arasında nüvə danışıqlarına qoşulmağı planlaşdırmır"

Çinin nüvə potensialı ABŞ və Rusiyadan tamamilə fərqli miqyasdadır. Çin bu mərhələdə nüvəsizləşmə ilə bağlı danışıqlarda iştirak etməyəcək.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya tərəfi müqaviləyə Çinin qoşulmasını istəyir. Lakin mövcud məlumatlara görə, Çinin nüvə potensialı ABŞ və Rusiya ilə müqayisədə xeyli azdır:

 

"SMV-3 (Yeni START) sənədi 2010-cu ildə ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti arasında imzalanıb. Müqavilənin müddəti 10 il idi və 2020-ci ilə qədər qüvvədə qalması nəzərdə tutulub. SMV-3 kifayət qədər şəffaf mexanizmlərə malik müqavilə hesab olunur. Müqavilə ABŞ və Rusiyanın strateji nüvə arsenalının məhdudlaşdırılmasını nəzərdə tutub. Soyuq müharibə dövründə tərəflərin təxminən 35 minə yaxın nüvə başlığı mövcud idi. SMV-3 çərçivəsində bu sayın təqribən 1500 vahidə endirilməsi razılaşdırılıb. Sənəd yalnız nüvə başlıqlarını deyil, onları daşıyan raket və digər vasitələri də əhatə edib. 2017-ci ildə Donald Trampın prezidentliyi dövründə Vaşinqton müqavilənin Çin də daxil olmaqla yenidən nəzərdən keçirilməsini gündəmə gətirib. Tramp administrasiyası sənədin kifayət qədər şəffaf olmadığını və genişləndirilməsinin vacibliyini bildirib".

 

Politoloq bildirib ki, 2025-ci ilin dekabrında Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, müqavilənin müddəti 2026-cı il fevralın 5-də başa çatır və onun ən azı bir il uzadılması məqsədəuyğundur:

 

"Hazırda, bu istiqamətdə müzakirələr davam edir. Rusiya tərəfi müqaviləyə Çinin qoşulmasını istəyir. Lakin mövcud məlumatlara görə, Çinin nüvə potensialı ABŞ və Rusiya ilə müqayisədə xeyli azdır. Pekinin təxminən 500-600 nüvə başlığı olduğu bildirilir. Bu göstərici Rusiyada 3500-3700, ABŞ-də isə 4000-dən artıqdır. SMV-1 və SMV-2 kimi əvvəlki sazişlər də əsasən ABŞ və Rusiya arasında imzalandığı üçün Çinin bu formatda iştirakı hələ də sual altındadır. Müqavilə çərçivəsində tərəflər hər il bir-birinə nüvə arsenalı ilə bağlı minə yaxın məlumat ötürür ki, bu da gündə bir neçə məlumat mübadiləsi deməkdir".

 

Politoloq qeyd edib ki, zamanla Fransa və Böyük Britaniyanın da bu prosesə cəlb olunması müzakirə olunsa da, əsas diqqət Çinin mümkün iştirakı üzərində cəmlənib:

 

"Strateji silahların məhdudlaşdırılması ilə bağlı ilk razılaşmalar 1972-ci ildən etibarən qüvvəyə minib və hazırkı SMV-3 müqaviləsi 2026-cı il fevralın 5-də başa çatmalıdır. Son günlər Çin, Rusiya və ABŞ liderləri arasında baş tutan təmaslar da bu mövzunun beynəlxalq gündəmdə aktuallığını qoruduğunu göstərir. Tərəflər qlobal təhlükəsizlik və strateji sabitlik məsələlərini müzakirə etməyə davam edirlər".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər