"Çin, Rusiya və ABŞ üçbucağı kifayət qədər real görünür" - ŞƏRH
Rusiya Prezidenti Vladimir Putin Mayın 20-i Çinə səfər edəcək. ABŞ Prezidenti Donald Tramp'ın Pekin ziyarətindən dərhal sonraya təsadüf edən səfər beynəlxalq aləmdə müzakirələr yaradıb.
Mövzu ilə bağlı siyasi şərhçi Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Tramp'ın Çinə səfərindən sonra güman edilirdi ki, bu səfərin ardınca Vladimir Putin Çinə səfər edəcək:
"Çin bu gün beynəlxalq siyasi proseslərə real təsir etmə imkanına sahibdir və bu imkanlarını da getdikcə genişləndirməkdədir. Ona görə də, Çinin mövqeyi nəzərə alınmadan hansısa geosiyasi prosesləri inkişaf etdirmək, irəli aparmaq qeyri-mümkündür. Yaxın Şərq regionunda cərəyan edən proseslər fonunda Çinlə təmasların sıxlaşdırılmasında həm Rusiya, həm də ABŞ maraqlıdırlar. Bu gün Tramp'ın həyata keçirdiyi siyasət birbaşa Rusiya ilə konfrontasiya xarakteri daşımır. Tramp Rusiya ilə hər imkanda təmasları inkişaf etdirməkdə maraqlıdır. Hesab edirəm ki, burada Çin ABŞ ilə Rusiya arasında münasibətlərdə koordinator rolunu oynaya bilər. Çin, Rusiya, ABŞ üçbucağı formalaşa bilər".
Siyasi şərhçi, həmçinin qeyd edib ki, Tramp Avropa ilə yollarını sürətlə ayırmaqdadır:
"Düzdür, bu asan baş verməyəcək, çünki bağlayıcı elementlər həddindən artıq çoxdur. ABŞ yüksək texnologiyalar bazarında da Çinlə bərabər nəzarəti həyata keçirmək niyətindədir. Nəhəng texnologiya şirkətlərinin rəhbərlərinin Trampla bərabər Çinə səfər etməsi də bir daha onu nümayiş etdirir ki, ABŞ ilə Çin arasında sıx təmaslar davam etdirilə bilər. Çin, Rusiya və ABŞ üçbucağı kifayət qədər real görünür, çünki Rusiya ilə ABŞ arasında da iqtisadi, ticari münasibətlərinin inkişaf etdirilməsi istiqamətində iradə müşahidə olunmaqdadır. Hesab edirəm ki, Putinin Çinə səfərinin bu kontekstdə də baş verməsi məhz qeyd etdiyim amillər baxımından təsadüfü deyil".
Zəhra Həsənova