Çin şirkətləri ABŞ Ordusunu hərəkətləri haqqında məlumatları satır
Yaxın Şərqdəki münaqişə fonunda Çin şirkətləri süni intellekt texnologiyalarından istifadə edərək ABŞ-nin hərbi birləşmələrinin hərəkətləri və silahları haqqında məlumatları satmağa başlayıblar.
Mövzu ilə bağlı İT mütəxəssisi Elvin Abbasov “İnformator.az” a açıqlamasında bildirib ki, Açıq mənbələrdən toplanan məlumatın analizi və satışı texniki olaraq OSINT (Açıq Mənbə Kəşfiyyatı) adlanır:
“Məlumatın özü hər kəsə açıq olsa da, süni intellekt vasitəsilə milyonlarla dağınıq datanı məsələn, əsgərlərin sosial media paylaşımlarını, peyk görüntülərini və gəmi hərəkətlərini bir araya gətirib mənalı hərbi mənzərə yaratmaq böyük bir emal prosesidir. Şirkətlər burada xammalı deyil, həmin məlumatın dərin analizini və gizli qanunauyğunluqlarını hazır məhsul kimi satırlar. Buna görə də prosesi ticari fəaliyyət kimi təqdim etmək texniki baxımdan doğrudur. Ordunun hərəkətləri və silah təminatı haqqında bu növ məlumatların yayılması həm taktiki, həm də strateji səviyyədə ciddi risklər yarada bilər. Hərbi birləşmələrin yerinin və təchizat zəncirinin real vaxt rejimində bilinməsi qarşı tərəfə hücum və ya pusqu planlaşdırmaq üçün üstünlük verir. Hətta anonim görünən məlumatlar belə süni intellektlə analiz edildikdə, ordunun zəif nöqtələri və gələcək planları haqqında dəqiq proqnozlar verməyə imkan yaradır. Bu isə hərbi əməliyyatların gizliliyini və effektivliyini sarsıda bilər. Bu xəbərin yayılması informasiya müharibəsinin bir hissəsi ola bilər. Çünki bu cür məlumatlar ictimai rəyi manipulyasiya etmək və qarşı tərəfə inamsızlıq aşılamaq üçün istifadə olunur. Belə xəbərlər rəqibin texnoloji üstünlüyünün sarsıldığı və ya kəşfiyyat imkanlarının zəiflədiyi barədə strateji mesaj kimi təqdim edilə bilər. Eyni zamanda, bu tip informasiyalar diplomatik masada təzyiq vasitəsi kimi istifadə olunaraq tərəfləri daha ehtiyatlı davranmağa sövq edə bilər”.
Selcan Xudiyeva