00:00:00
Yazar
Aysel Mirzəyeva
15.04.2026 19:05 71 2 dəq oxuma
Siyasət

Çin Yaxın Şərq münaqişəsində vasitəçi rolunu oynaya bilərmi?

Çin Yaxın Şərq münaqişəsində vasitəçi rolunu oynaya bilərmi?

İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, Yaxın Şərqdə davam edən münaqişənin həllində əsas rol oynaya biləcək güclərdən biri Çin ola bilər. Bu açıqlama beynəlxalq diplomatik balans və Pekinin regiondakı təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Pedro Sançes bu fikri yalnız Yaxın Şərq kontekstində deyil, ümumilikdə qlobal münaqişələrin fonunda dəyərləndirərək səsləndirib:

 

“Hazırda dünyada təsir gücünə malik böyük dövlətlərin əksəriyyəti müxtəlif münaqişələrin birbaşa və ya dolayı tərəfinə çevrilib. Məsələn, Rusiya müəyyən münaqişələrin içindədir. Amerika Birləşmiş Ştatları isə bir neçə regional qarşıdurmada tərəf kimi çıxış edir. Eyni zamanda Böyük Britaniya, Fransa və Almaniya kimi Qərb dövlətləri də müxtəlif münaqişələrdə bir tərəfi siyasi və hərbi baxımdan dəstəkləməklə prosesin iştirakçısına çevriliblər. Bu səbəbdən münaqişələrin həllində tam neytral görünən dövlətlərin sayı çox deyil və Sançes bu baxımdan Çini ön plana çıxarır”.

 

Ekspertin sözlərinə görə, Çinin Yaxın Şərqdə vasitəçi kimi çıxış etmə potensialı əsasən onun iqtisadi və siyasi təsir imkanları ilə bağlıdır:

 

“Bu gün dünya iqtisadiyyatında Çin və Amerika Birləşmiş Ştatları əsas güclərdən hesab olunur və onların iqtisadi münasibətləri bir-biri ilə sıx bağlıdır. Bu əlaqələr o qədər genişdir ki, bu iki ölkə arasında ciddi qarşıdurma qlobal iqtisadiyyata böyük zərbə vura bilər. Çin bu iqtisadi təsir imkanlarından istifadə edərək diplomatik vasitəçilik rolunu gücləndirə bilər. Digər tərəfdən, Çin ilə İran arasında da kifayət qədər yaxın iqtisadi və siyasi əlaqələr mövcuddur. İran Çinin əsas ticarət tərəfdaşlarından biridir və bu münasibətlər Pekinə Tehran üzərində müəyyən təsir imkanları yaradır. Bu da Çinin regionda müəyyən vasitəçilik imkanlarını artırır”.

 

Həşim Səhrablı hesab edir ki, Çin diplomatik balansı qorumağa çalışan dövlətlərdən biridir və bu da onun vasitəçi kimi çıxış etməsini mümkün edə bilər:

 

“Çin rəsmi olaraq bir çox münaqişələrdə birbaşa tərəf kimi çıxış etmir və diplomatik açıqlamalarında balanslı mövqe nümayiş etdirməyə çalışır. Bu isə Pekinə həm Amerika Birləşmiş Ştatları, həm də İran kimi ölkələrlə dialoq qurmaq imkanı verir. Belə bir vəziyyət tərəflər arasında vasitəçilik və kompromis axtarışı üçün müəyyən şərait yarada bilər. Buna görə də, Çin müəyyən mənada vasitəçi rolunda çıxış edə biləcək dövlətlərdən biri hesab olunur. Pedro Sançesin bu fikri Qərb ölkələrinin mövqeyi ilə müəyyən dərəcədə üst-üstə düşə bilər. Qərb ölkələri müharibənin uzanmasının və regionda gərginliyin artmasının qarşısını almaqda maraqlıdırlar. Çünki Yaxın Şərqdə genişmiqyaslı qarşıdurma baş verərsə, bu, beynəlxalq ticarət yollarına və enerji daşımalarına ciddi təsir göstərə bilər. Xüsusilə də, Hörmüz boğazı kimi strateji keçid məntəqələrinin bağlanması qlobal iqtisadiyyat üçün böyük problemlər yarada bilər”.

 

Ayşə Müzəfərli

#xəbər #bilərmi? #yaxın #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər