Çində "Son İmperator" qol saatı 5,1 milyon dollara satılır
Çindəki Qinq sülaləsinin sonuncu imperatoru Aisin-Gioro Puyiyə məxsus qol saatı Honq Konqda keçirilən hərracda təxminən 5,1 milyon dollara alıcı tapıb.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, hərracda Patek Philip markalı qol saatının başlanğıc qiyməti 3 milyon dollardan çox olub. Adı açıqlanmayan alıcı bu saatı 5,1 milyon dollarlıq (Hong Kong 40 milyon dollar) son təkliflə əldə edib.
Bundan əvvəl, Vyetnamın sonuncu imperatoru Bao Daiyə məxsus Rolex saatı 5 milyon dollara, Efiopiyanın sonuncu imperatoru Haile Selassienin Patek Philip saatı isə 2,9 milyon dollara satılıb.
Həyatı italyan kinorejissor Bernardo Bertoluççinin "Son İmperator" filminin mövzusu olan Çinin son imperatoru Puyi 1908-ci ildə əmisinin ölümündən sonra 3 yaşında taxta çıxıb, 1911-ci il inqilabından və Çin Respublikasının qurulmasından sonra taxtdan salınıb.
Hökmdarlığını itirdikdən sonra 13 il daha Pekində İmperator Sarayında yaşamağa davam edən Puyi Yaponiyanın Çini işğalı zamanı işğalçılara sığınıb. 1932-ci ildə yaponlar tərəfindən qurulan kukla dövlət Mançokuonun prezidenti” elan edilib.
Yaponiya İkinci Dünya Müharibəsində məğlub olduqdan sonra Sovet İttifaqı qüvvələri tərəfindən əsir götürülən Puyi 1950-ci ildə hərbi cinayətkar kimi mühakimə olunmaq üçün yeni qurulan Çin Xalq Respublikasına təhvil verilib.
1959-cu ildə əfv olunduqdan sonra Puyi 1967-ci ildə vəfat edənə qədər Pekində keçmiş imperiya mülkü olan botanika parkının maşın təmiri sexində fəhlə kimi çalışıb.
Hərracda satılan saatın Puyiyə Sovet İttifaqında hərbi əsir olarkən tərcüməçisi tərəfindən hədiyyə edildiyi bilidirilib.
