Çindən Orta Dəhliz vasitəsilə Azərbaycana yeni qatar xətti istifadəyə verilib
Çinin iri liman şəhərlərindən olan Tianjindən Transxəzər beynəlxalq nəqliyyat marşrutu Orta Dəhliz vasitəsilə Azərbaycana yük qatarı xətti açılıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, orta Dəhliz yük qatarı xətti çatdırmanı sürətləndirir, xərcləri azaldır və Azərbaycanın regional tranzit rolunu gücləndirir:
“Bu yeni yük qatarı xəttinin Orta Dəhliz vasitəsilə açılmasının bir neçə strateji üstünlüyü var. O, qlobal logistika daşınma şəbəkəsində alternativ marşrut kimi çıxış edir və mühüm nəqliyyat yollarından birinə çevrilə bilər. Orta Dəhliz Çinlə Avropa arasında ənənəvi marşrutlara alternativ olaraq qısaldılan, sabit və etibarlı bir nəqliyyat yolunu təmin edir, Çin məhsullarının Avropaya daha sürətli və təhlükəsiz çatdırılmasına imkan yaradır. Coğrafi mövqeyi Azərbaycanın rəqabət üstünlüyünü artırır. Ölkə Xəzər dənizi üzərindən Avrasiya ölkələrini birləşdirən strateji nəqliyyat qovşağına çevrilir. Bu isə Azərbaycanın İran və Rusiya alternativlərindən asılılığını azaldaraq regionda əsas tranzit mərkəzi kimi rolunu gücləndirir. Bu xətt sadəcə daşınma-logistikanı deyil, həm də iqtisadi artımı gücləndirir və ticarət həcmini artırır, ticarət xərclərini azaldır. Məsələn, qatar marşrutu dəniz yolu ilə müqayisədə çatdırılma müddətini on beş–yirmi beş gündən təxminən on bir-on iki günə qədər qısaldır. Qısamüddətli yükləmə, məhsulların yüklənməsi və boşaldılması, eləcə də daha səmərəli tranzit-logistikanın təşkili daşınma xərclərini ümumilikdə azaldır.
İqtisadi aktivlik burada mütləq qeyd olunmalıdır. İstehsalın artırılması və daha böyük tranzit həcmləri daha çox liman, terminal və logistika mərkəzlərinə investisiya cəlb edir. Yeni iş yerləri açılır, xidmət sektorları genişlənir. Bu xətt operativliyi artırır və çatdırma müddətlərini qısaldır. Yeni xətlərin açılması ilə tranzit vaxtları azalır və rəqabətli çatdırılma imkanları yaranır. Beləliklə, alternativ olaraq yüklər daha qısa müddətdə daşına bilir. Xüsusilə tez xarab olan və ya həssas yüklərin daşınması üçün bu marşrut daha cəlbedici olur. Məsələləri həll etmək mümkündür və əlavə investisiyalar tələb oluna bilər. Yeni terminalların tikilməsi və konteyner sahələrinin yaradılması lazım ola bilər. Hər hansı problemi dövlət və biznes dialoqu çərçivəsində həll etmək mümkündür”.
Arzu Poladova
