Çinin İrana qarşı ABŞ sanksiyalarına qoşulması gözlənilmir- Ekspert
ABŞ-nin İrana qarşı iqtisadi təzyiqi bir neçə həftə və ya aylarla davam edə bilər.
Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent Aşvildə G20 ölkələrinin maliyyə nazirlərinin iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika hazırda İrana münasibətdə həm iqtisadi sanksiyaların gücləndirilməsi, həm də ara-sıra fasilələrlə müəyyən nöqtələrə zərbələrin endirilməsi taktikasından istifadə edir:
“İddia etmək mümkün deyil ki, əldə olunan atəşkəs uzun müddət davam edə bilər və ya Amerikanın endirdiyi hərbi zərbələr müəyyən dövr ərzində uzunmüddətli xarakter daşıyacaq. Bu gün ABŞ-İran münasibətlərində heç nəyin davamlı olduğunu söyləmək mümkün deyil. İstər atəşkəs, istərsə də hərbi zərbələr taktikasının uzun müddət davam edəcəyini iddia etmək çətindir. Xüsusilə də Amerika müxtəlif taktikaları bir-biri ilə növbəli şəkildə əlaqələndirərək fəaliyyət göstərir. Amerikanın sonuncu taktikasının əsas məqsədi sərt iqtisadi sanksiyalar tətbiq etməklə İranı çökdürməkdir. Amma hərbi zərbələrin yenidən işə salınması belə qənaət yaradır ki, ABŞ iqtisadi sanksiyaların əsas məqsədi olan İranı siyasi və iqtisadi baxımdan çökdürməyə nail ola bilməyib. İqtisadi sanksiyaların mənbəyi və tətbiq edən tərəfi təkcə Amerika deyil. ABŞ yaxşı başa düşürdü ki, İrana qarşı iqtisadi sanksiyaların gücləndirilməsinin real effekti o zaman ola bilər ki, dünyanın çoxsaylı ölkələri, təşkilatları və blokları bu siyasətə qoşulsunlar. Amma hətta G20 ölkələri arasında belə Amerikanın bu siyasətinə dəstək verməyənlər oldu. Amerikanın böyük ümidləri var idi ki, NATO-dakı müttəfiqləri, hətta İrana qonşu olan bəzi ölkələr belə, İranla iqtisadi-ticarət əlaqələrinə qarşı ABŞ-nin tətbiq etdiyi sanksiyalara dəstək verəcəklər. Baxmayaraq ki, Tramp hətta İranın iqtisadi, ticarət və investisiya tərəfdaşlarının da sanksiyalara məruz qala biləcəyini açıqlayaraq onları hədələmişdi, ölkələr onun təzyiqlərinə baxmayaraq İranla münasibətlərini Trampın mövqeyinə uyğun müəyyənləşdirməkdən çəkiniblər”.
Siyasi şərhçi həmçinin onu da qeyd edib ki, Çin açıq şəkildə bəyan edib ki, birtərəfli qaydada tətbiq olunan və BMT Təhlükəsizlik Şurasının legitim saymadığı hər hansı sanksiyaya qoşulmaq istəmir və qoşulmayacaq:
“Bu o deməkdir ki, Trampın son həftələrdə elan etdiyi iqtisadi təzyiq və sanksiyalar siyasəti lazımi nəticəni verməyib. Buna görə də ABŞ yenidən hərbi əməliyyatlara üstünlük verib. Düşünürəm ki, bu hərbi əməliyyatlarla paralel olaraq iqtisadi sanksiyaların da ən azı ritorik şəkildə davam etdirildiyini görəcəyik. Amma iqtisadi sanksiyaların İrana münasibətdə ciddi nəticələr verə biləcəyi hələlik gözlənilmir. Eyni zamanda, Çinin İrana qarşı sanksiyalara loyal yanaşacağını düşünmək mümkün deyil. Çünki Çinin ən azı geosiyasi rəqabət müstəvisində ABŞ-lə çox ciddi problemləri var. Belə bir şəraitdə Çinin Amerikanın özünə daha yaxın hesab etdiyi ölkələrdən birinə-İrana qarşı sanksiyalara açıq şəkildə qoşulacağını gözləmək, mənə elə gəlir ki, siyasi və iqtisadi reallıqlardan uzaq yanaşmadır. Çin heç vaxt buna getməyəcək. Çünki Çin ABŞ-lə qarşıdurmada Rusiyanı, İranı və hətta Şimali Koreyanı öz maraqları baxımından müəyyən mənada dəstəkləməkdə davam edəcək. Əlbəttə, nəzəri olaraq təsəvvür etmək olar ki, Çin Amerikanın İrana qarşı siyasətinə dəstək verməyə başlasa, bunun müqabilində ABŞ-nin Çinə münasibəti müəyyən qədər yumşala bilər. Amma Çin belə bir yumşalmanın ardınca getmədiyinə görə, ABŞ-İran qarşıdurmasında İrana qarşı addım atacağını düşünmürəm”.

Güllər Gülhüseynova