“Çinin öz maraqları hər şeydən üstündür” - ŞƏRH
Çin ABŞ və İran arasında atəşkəs rejiminə əməl olunacağına ümidini ifadə edib.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, şübhəsiz ki, atəşkəs vacibdir, xüsusilə də, Azərbaycan Respublikası üçün:
“Çünki İranla bizim böyük bir sərhədimiz var. Üstəlik də İran əhalisinin 50 faizi bizim soydaşlarımızdır. Oradakı müharibə bu və ya digər şəkildə mütləq bizə aidiyyəti olan və bizə təsir edəcək müharibədir. O baxımdan atəşkəsin davam etməsi Azərbaycanın da maraqlarına uyğundur və arzu edirik ki, bu atəşkəs davam etsin, tərəflər öz problemlərini masa arxasında həll etsinlər. Çin əlbəttə ki, üzdə bu sözləri deyə bilər. Bir tərəfdən Çinin marağı ondadır ki, İran sabitləşsin və İrandan ucuz neft almağa davam edə bilsin. Digər tərəfdən də Çinin öz maraqları, iqtisadi maraqları hər şeydən üstündür. O baxımdan atəşkəs və hətta məsələnin kökündən həlli Çin üçün olduqca vacibdir. Hətta deyərdim ki, həyati əhəmiyyət kəsb edir. Çünki qeyd etdiyim kimi, Çin faktiki olaraq həm də İran neftindən asılı bir dövlətdir. İranda problemlər yaşananda əlbəttə ki, Çinin də ciddi iqtisadi problemləri olur. Bu durum davam edərsə, Çin doğrudan da çox ciddi iqtisadi problemlərlə üz-üzə qala bilər".
Həmçinin şərhçi vurğulayıb ki, Amerika Birləşmiş Ştatları Çinin çağırışı ilə hərəkət etmir:
“Əlbəttə ki, beynəlxalq qurumlarda hansısa şəkildə Çin təsir imkanlarına malikdir. Hətta BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir Çin, amma bütün bunlar heç nəyi dəyişmir. Çünki bu gün dünyada söz sahibi, real güc sahibi Amerika Birləşmiş Ştatlarıdır. Çinin, yaxud da Çinə bənzər dövlətlərin çağırışları həlledici deyil. Sadəcə olaraq Çin bu yolla öz mövqeyini ifadə etmiş olur. Əlbəttə ki, bir çox qurumlarda bu, təqdir ediləcək. Nəticə, real nəticə verəcəkmi? Bax, bu açıq sualdır. Mənə görə, real nəticə olmayacaq”.
Aytac İbrahimova