Cəmiyyətdə “ayıb” anlayışının insan həyatına təsiri
“Ayıb” anlayışı bir çox cəmiyyətdə davranışları tənzimləyən görünməz mexanizm rolunu oynayır. Bu anlayış bəzən etik çərçivə yaratsa da, çox vaxt insanların özünüifadəsinə, seçimlərinə və azadlığına mane olur. İnsanlar cəmiyyətin reaksiyasından qorxaraq istəklərini boğur, nəticədə daxili konflikt və narazılıq yaranır. “Ayıb” anlayışı fərdi deyil, kollektiv rahatlığı qorumağa xidmət etdikdə zərərli forma alır.
Mövzu ilə bağlı psixoloq Məleykə Şərifova "İnformator.az" saytına açıqlamasında bildirib ki, hər fərdin öz həyatına dair seçimləri olmalıdır:
"“Ayıb” anlayışı cəmiyyət tərəfindən formalaşdırılan sosial normaların məhsuludur və onu konkret bir şəxs deyil, nəsillər boyu ötürülən dəyərlər sistemi müəyyən edir. Ailə, məktəb, din, media və yaxın sosial çevrə bu anlayışın sərhədlərini çəkir. Hansı davranışın “ayıb” sayılması zamanla və məkana görə dəyişir; bir cəmiyyətdə normal olan davranış başqa bir mühitdə qınana bilər. Bu da göstərir ki, “ayıb” obyektiv deyil, sosial razılaşmaya əsaslanan anlayışdır.
Bu anlayış fərdi azadlıqları xüsusilə şəxsi seçimlər sahəsində məhdudlaşdıra bilir. Geyim tərzi, həyat tərzi, karyera seçimi, fikrin açıq ifadəsi kimi məsələlərdə insanlar “ayıb olar” düşüncəsi ilə öz istəklərindən imtina edirlər. Beləliklə, fərd davranışlarını daxili ehtiyaclarına görə deyil, başqalarının reaksiyasına görə tənzimləməyə başlayır. Bu isə azad iradənin zəifləməsinə və fərdin özünü ifadə imkanlarının daralmasına səbəb olur.
“Ayıb” qorxusu insan psixologiyasında güclü təsir yaradır. Davamlı qınanma və utandırılma riski olan mühitdə böyüyən insanlarda günahkarlıq hissi, özünə inamsızlıq və daxili gərginlik formalaşır. İnsan öz davranışlarını daim nəzarətdə saxlayır, səhv etməkdən qorxur və başqalarının fikrinə həddindən artıq önəm verir. Uzun müddətdə bu vəziyyət şəxsiyyətin parçalanmasına, emosional sıxıntılara və passiv həyata gətirib çıxara bilər.
Bununla yanaşı, cəmiyyət üçün müəyyən çərçivədə faydalı olan “ayıb” anlayışı da mövcuddur. Başqasını alçaltmaq, zorakılıq, açıq hörmətsizlik, ictimai məkanlarda etik qaydaların pozulması kimi halların qınanması sosial nizamın qorunmasına xidmət edir. Problem “ayıb” anlayışının insanın ləyaqətini və azadlığını boğacaq qədər genişləndirilməsindədir. Sağlam cəmiyyətdə “ayıb” başqasına zərər verməyi məhdudlaşdırmalı, fərdin öz həyatına dair seçimlərini deyil".
Ayisə Şərifova
