Cəmiyyətdə “güclü ol” təzyiqi
İnsanlardan daim güclü, dözümlü və emosiyasız olmaları gözlənilir. Bu təzyiq xüsusilə çətinlik yaşayan şəxslərin hisslərini gizlətməsinə və kömək istəməməsinə səbəb olur. “Güclü ol” mesajı bəzən motivasiya kimi təqdim edilsə də, əslində emosional yüklənməni dərinləşdirir. Zəiflik göstərməyin ayıb və ya uğursuzluq kimi qavranılması cəmiyyətdə psixoloji problemləri görünməz edir.
Mövzu ilə bağlı psixoloq Almaz Mayılova "İnformator.az" saytına açıqlamasında bildirib ki, bəzən zəifliyi qəbul edib kömək istəmək əsl gücdür:
"“Güclü ol” anlayışı əsasən cəmiyyətin tarix boyu formalaşdırdığı gözləntilərdən yaranıb. İnsanlar çətin şəraitdə yaşamaq, ailəni qorumaq, sosial mövqeni itirməmək üçün emosiyalarını gizlətməyi, ağrını içində saxlamağı güc kimi qəbul etməyə başlayıblar. Zamanla bu fikir nəsildən-nəsilə ötürülüb və güc anlayışı hissləri ifadə etməmək, sarsılmamaq, həmişə ayaqda qalmaqla eyniləşdirilib.
Bu təzyiq xüsusilə kişilərə, lider mövqedə olanlara, ailənin yükünü daşıyan insanlara və ümumilikdə “məsuliyyət sahibi” kimi görülən şəxslərə daha çox təsir edir. Qadınlar da bu təzyiqdən kənarda qalmır; onlardan həm dözümlü, həm səbirli, həm də emosional baxımdan sarsılmaz olmaları gözlənilir. Nəticədə bir çox insan öz real hisslərini gizlətməyə məcbur qalır.
Zəiflik göstərmək çox vaxt mənfi qəbul olunur, çünki zəiflik acizliklə, uğursuzluqla və nəzarəti itirməklə səhv salınır. Cəmiyyət emosional açıqlığı risk kimi görür və insanın sınmasının onun dəyərini azaltdığını düşünür. Halbuki zəiflik insan olmağın təbii tərəfidir və duyğuların ifadəsi psixoloji sağlamlığın əsas şərtlərindən biridir.
Daim güclü görünməyə çalışmaq isə insanı daxildən tədricən dəyişir. İnsan öz hisslərindən uzaqlaşır, özünü anlamaqda çətinlik çəkir və emosional yorğunluq yaşayır. Bu, zamanla stressin artmasına, daxili boşluq hissinə və hətta psixoloji problemlərə yol aça bilər. Xaricdən güclü görünən bir insan daxilən tək, anlaşılmamış və yorğun hiss edə bilər. Əsl güc isə hər zaman sərt olmaqda deyil, lazım olanda zəifliyini qəbul edib kömək istəyə bilməkdədir".
Ayisə Şərifova
