"Coğrafi məkan istedadın inkişafına maneə olmamalıdır"
Gənclər Günü ərəfəsində Azercell-in dəstəyi ilə informatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan Azərbaycan milli komandasının üzvləri şirkətin qonağı olub. Tədbirdə Azercell və Təhsil İnstitutunun rəhbər nümayəndələri, eləcə də milli yığmanın müəllimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Sona Abbasova və Fuad Qarayev bu əməkdaşlığın gənclərin İT sahəsində inkişafına və ölkə üçün peşəkar kadrların yetişməsinə mühüm töhfə verdiyini vurğulayıblar. Sonda medalçılar sertifikat və hədiyyələrlə təltif olunublar.
Mövzu ilə bağlı “İnformator.az”a təhsil eksperti Rivzan Fikrətoğlu bildirib ki, coğrafi məkan istedad üçün maneə olmamalıdır.
“Azercell kimi böyük şirkətlərin gənc istedadların üzə çıxarılmasında iştirakı bir çox üstünlüklərə malikdir. Bu proses real sektorla erkən təmas qurmağa imkan verir; gənclər hələ məktəb illərindən müasir texnologiyalar, İT mühiti və iş dünyasının tələbləri ilə tanış olurlar. Beləliklə, biliklərin yalnız nəzəriyyədə qalmasının qarşısı alınır. Özəl şirkətlər həm də maddi-texniki baza, təlim platformaları, mentorluq və beynəlxalq təcrübə kimi resurslarla dövlət proqramlarını effektiv şəkildə tamamlayır. Uğurlu şirkət rəhbərləri ilə ünsiyyət gənclərdə özünəinam yaradır, sertifikat və mükafatlar isə əlavə stimuldur. Bu əməkdaşlıq sayəsində potensiallı şagirdlər vaxtında seçilir və sistemli şəkildə inkişaf etdirilir ki, bu da ölkənin İT ekosistemi üçün güclü kadr ehtiyatı deməkdir. İstedad yalnız paytaxtda deyil, regionlarda da boldu və bəzən oradakı uşaqlar paytaxt gənclərini geridə qoya bilər. Əsas məsələ onları vaxtında görüb düzgün istiqamətləndirməkdir.
Regionlardakı şagirdləri cəlb etmək üçün aşağıdakı addımlar vacibdir:
Region məktəblərində informatika, riyaziyyat və məntiq fənləri üzrə mütəmadi imtahanlar, olimpiadalar və onlayn testlər keçirilməlidir. Bakıya gələ bilməyən uşaqlar üçün bölgələrdə intensiv olimpiada dərsləri keçən mərkəzlər qurulmalıdır. Keyfiyyətli onlayn dərslər və virtual mentorluq proqramları paytaxtla region arasındakı fərqi azalda bilər. Bunun üçün sabit internet və avadanlıq təminatı şərtdir. Yol, qalma və digər təlim xərclərini qarşılamaq üçün təqaüd və qrant proqramları təşkil edilməlidir. Region müəllimləri üçün ixtisasartırma kursları təşkil edilməli, valideynlərə isə bu proqramların perspektivləri izah olunmalıdır. Regionlardan çıxmış uğurlu gənclərin hekayələri nümunə kimi göstərilməlidir. Coğrafi məkan istedad üçün maneə olmamalıdır. Düzgün sistem qurularsa, region gəncləri Azərbaycanı beynəlxalq arenada çox uğurla təmsil edə bilərlər".
Aydan Əsgərxanlı
