"Conni Depp Hollivuda qayıdır: Aktyorun yeni layihələri diqqət mərkəzində"
Hollivud aktyoru Conni Depp uzun fasilədən sonra kino sənayesinə qayıtmağa hazırlaşır. Bir müddət qalmaqallarla gündəmə gələn və bir sıra layihələrdən uzaqlaşan aktyorun yenidən böyük ekranlarda görünməsi müzakirələrə səbəb olub.
Aktyorun qayıdışı onun 2020-ci ildə keçmiş həyat yoldaşı, aktrisa Ember Herd ilə bağlı məhkəmə proseslərindən sonra Hollivudda ilk böyük studiya layihəsi hesab olunur. Həmin dövrdə Depp «Fantastik məxluqlar» film seriyasındakı rolunu itirmişdi. 2022-ci ildə ABŞ-da keçirilən böhtan məhkəməsində isə münsiflər heyəti aktyorun lehinə qərar vermişdi. Deppin yeni layihəsi Çarlz Dikkensin məşhur «Milad nəğməsi» əsəri əsasında çəkilən «Ebenezer» filmidir. Aktyor ekran əsərində baş qəhrəman Skruç obrazını canlandırır. Filmdə İan MakKellen, Rupert Qrint və Deyzi Ridli də rol alıblar.
BBC-nin yazdığına görə, filmin tanıtımında aktyorun Hollivuda qayıdışı xüsusi vurğulanır. Bununla belə, onun yeni layihəsinin uğuru təkcə pərəstişkarlarının dəstəyindən deyil, geniş tamaşaçı auditoriyasının münasibətindən və filmin kommersiya nəticələrindən də asılı olacaq.
Ayan Məmmədzadə
BBC Xəbər