İctimai nəqliyyat fiziki imkanları məhdud şəxslər üçün niyə əlçatan deyil?
Son illərdə şəhərlərdə ictimai nəqliyyatın sıxlığı və infrastruktur problemləri diqqət çəkir. Xüsusilə fiziki imkanları məhdud şəxslər və yaşlılar üçün avtobus, metro və tramvayların əlçatan olmaması onların gündəlik həyatını çətinləşdirir. Pilləkənlər, yüksək qalxanlar, oturacaq çatışmazlığı və həmin şəxslər üçün uyğunlaşdırılmamış nəqliyyat vasitələri sosial inteqrasiyaya mane olur. Bu, həmçinin müstəqil hərəkət imkanlarını məhdudlaşdırır və ailələr üzərində əlavə yük yaradır.
Mövzu ilə bağlı “İnformator.az” nəqliyyat eksperti və sosioloqun fikirlərini öyrənib.
Nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, ictimai nəqliyyatın əlçatan olmaması fiziki imkanları məhdud şəxslərin və yaşlıların sosial həyatda fəal iştirakını ciddi şəkildə məhdudlaşdırır:
“Fiziki maneələr səbəbindən işə, təhsilə, tibbi xidmətlərə, eləcə də sosial və mədəni tədbirlərə çıxış çətinləşir. Nəticədə bu qrup daha çox evə qapanır, fiziki və psixoloji təcrid dərinləşir. Müstəqil hərəkət imkanının məhdudluğu ailə üzvlərindən asılılığı artır və həm əlillər, həm də yaşlılar üçün ləyaqət hissini zəiflədir. Şəhərsalma və nəqliyyat siyasətində inklüziv yanaşma əsas prinsipə çevrilməlidir. Alçaq döşəməli avtobuslar, pandus və liftlərlə təchiz olunmuş dayanacaqlar, metro stansiyalarında maneəsiz giriş-çıxışlar, səsli və vizual məlumat sistemləri bu istiqamətdə atılmalı əsas addımlardandır. Mobil tətbiqlər, ağıllı dayanacaqlar və pilot inklüziv nəqliyyat zonaları isə gündəlik həyatı xeyli asanlaşdıra bilər”.
Sosioloq Üzeyir Şəfiyev isə məsələyə geniş perspektivdən yanaşır:
“Azərbaycan 2015-ci ildən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub və inklüzivliyi təmin etməyi əsas prioritet kimi götürüb. “Heç kəsi kənarda qoymamaq” prinsipi əlçatanlıq və bərabər imkanların yaradılmasını nəzərdə tutur. Hazırda isə Bakı və regionlarda ictimai nəqliyyatda, park və digər ictimai məkanlarda əlçatanlıq minimal tələblərə cavab vermir. Təxminən 600 minə yaxın sağlamlıq imkanları məhdud şəxs üçün bərabər şansların yaradılması vacibdir. Bu istiqamətdə müəyyən addımlar atılsa da, proses hələ ləng irəliləyir. Şəhərsalma və memarlıq sahəsində inklüziv yanaşma sistemli tətbiq olunmalı, müvafiq qurumlar daha fəal və koordinasiyalı çalışmalıdır. Bu, yalnız beynəlxalq öhdəlik deyil, həm də cəmiyyətin sosial tələbidir”.
Cavahir Əsgərbəyli
