00:00:00
Yazar
Asiman Vəliyeva
01.05.2026 20:21 20 2 dəq oxuma
Siyasət

Culs Hyörst: ABŞ-nin 2027-ci il üçün büdcəsində Ukraynaya yardım nəzərdə tutulmayıb

Culs Hyörst: ABŞ-nin 2027-ci il üçün büdcəsində Ukraynaya yardım nəzərdə tutulmayıb

ABŞ-nin 2027-ci il üçün müdafiə büdcəsi Ukraynaya hərbi yardım göstərilməsini nəzərdə tutmur. Bu barədə hərbi nazirin maliyyə üzrə müavini vəzifəsini icra edən Culs Hyörst Konqresdəki dinləmələrdə bildirib. "Bu doğrudur. Büdcədə USAI (Ukraine Security Assistance Initiative) xətti ilə maliyyələşmə yoxdur", - o deyib.


Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa ölkələri ABŞ-nin Ukrayna ilə bağlı təhlükəsizlik təminatında iştirak etməsini vacib hesab edirlər:


"ABŞ-nin bu mövqeyi yeni deyil. Ümumilikdə, Donald Tramp administrasiyası Joe Biden administrasiyasından fərqli siyasət yürüdür. Tramp prezident seçildikdən sonra Ukraynaya əvvəlki həcmdə yardım göstərilməyəcəyini açıq şəkildə bəyan edib. Baxmayaraq ki, Bayden administrasiyası dövründə qəbul edilən yardım paketləri Trampın prezidentliyinin ilk mərhələsində icra olunub, sonradan hərbi təchizat və yeni yardım proqramları ilə bağlı problemlər yaranıb. ABŞ faktiki olaraq yeni yardım paketlərinin qəbuluna getməyib".


Müsahib qeyd edib ki, Tramp bir neçə dəfə bildirib ki, bu müharibə ABŞ-nin müharibəsi deyil:


" 2027-ci ilin müdafiə büdcəsində Ukraynaya yardımın nəzərdə tutulmaması gözlənilən addım idi. Trampın prezidentliyinin başlanğıcında Münhen Təhlükəsizlik Konfransı zamanı ABŞ-nin vitse-prezidenti J. D. Vens Avropa liderlərini sərt tənqid edib və onların öz təhlükəsizlikləri barədə daha çox düşünməli olduqlarını bildirib. Ukraynaya əsas dəstək NATO xətti ilə həyata keçirilir. Lakin Tramp NATO-ya münasibətdə də birmənalı mövqe sərgiləmir və alyansın fəaliyyətini dəfələrlə sərt şəkildə tənqid edib. Bu isə ümumi vəziyyətə ciddi təsir göstərə bilər. Çünki Ukraynaya ən böyük dəstəyi məhz ABŞ verib. Avropa ölkələri ABŞ-nin Ukrayna ilə bağlı təhlükəsizlik təminatında iştirak etməsini vacib hesab edirlər. Böyük Britaniyanın Baş naziri Keir Starmer dəfələrlə bu məsələnin prinsipial əhəmiyyət daşıdığını vurğulayıb. Bu yanaşma göstərir ki, ABŞ-nin dəstəyi olmadan vəziyyət ciddi şəkildə dəyişə bilər".


Politoloq vurğulayıb ki, Avropa ölkələri Ukraynaya yardımı davam etdirmək niyyətində olduqlarını açıqlasalar da, ABŞ-nin yaratdığı boşluğu tam doldurmağın çətin olacağı bildirilir:


"Son dövrlərdə Avropada Ukraynaya ayrılacaq yeni yardım paketləri də fəal şəkildə müzakirə olunur. Buna baxmayaraq, ABŞ dəstəyinin azalması Ukraynanın müdafiə imkanlarını əhəmiyyətli dərəcədə zəiflədə bilər. Bu qərarın ABŞ ilə Avropa arasındakı münasibətlərə təsirinə gəlincə isə, artıq tərəflər arasında müəyyən soyuqluğun hiss olunduğu qeyd edilir. Hətta II Dünya müharibəsindən sonra ABŞ və Avropa arasında münasibətlər heç vaxt indiki qədər gərgin olmayıb. Trampın Avropa liderlərini açıq şəkildə tənqid etməsi və müttəfiqlik münasibətlərinə uyğun olmayan ritorikası tərəflər arasında məsafənin artdığını göstərir. Müdafiə büdcəsində Ukraynaya yardımın nəzərdə tutulmaması da Vaşinqtonla Avropa paytaxtları arasında münasibətlərdə gərginliyi daha da artıracaq amillərdən biri kimi qiymətləndirilir".


Səmayə Səftərova

#yardım #tutulmayıb #yeni #2027-ci #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər