"D-8 Azərbaycana yeni bazarlar və iqtisadi imkanlar yaradır” - Politoloq
"Azərbaycan D-8'ə üzv olmasına çox önəm verir" - bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimat mərasimində deyib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əli Mustafa bildirib ki, D-8 platforması Türkiyənin təşəbbüsü ilə yaradılıb:
“Təşkilatın əsası 1996-cı ildə qoyulub, rəsmi fəaliyyətinə isə 1997-ci ildə başlayıb. D-8 əsasən inkişaf etməkdə olan və iqtisadi potensialı, eləcə də əhali sayı yüksək olan müsəlman ölkələrini bir araya gətirən beynəlxalq əməkdaşlıq platformasıdır. Azərbaycan 2024-cü ildə bu təşkilata üzv qəbul olunub. Bununla da D-8 faktiki olaraq doqquz üzvlü platformaya çevrilib. Hazırda təşkilatın media qurumu da Şuşada keçirilən tədbirdə təmsil olunur”.
Politoloqun sözlərinə görə, D-8-in əsas məqsədi üzv ölkələr arasında iqtisadi əməkdaşlığı genişləndirmək, ticarət əlaqələrini gücləndirmək və mədəni əməkdaşlığı dərinləşdirməkdir:
“Azərbaycanın bu təşkilata üzv olması ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Bu üzvlük Asiya və Afrika ölkələri ilə ticarət və iqtisadi əlaqələrin inkişafına əlavə stimul verir. Eyni zamanda Azərbaycanın dünyanın aparıcı müsəlman ölkələri ilə eyni platformada təmsil olunması həm beynəlxalq nüfuzunun artması, həm də yeni əməkdaşlıq imkanlarının yaranması baxımından önəmlidir. Düşünürəm ki, təşkilatın media istiqamətindəki fəaliyyəti də Azərbaycan üçün faydalı olacaq. Ümumilikdə, D-8 çərçivəsində üzv dövlətlər iqtisadi, ticarət və mədəni sahələrdə əməkdaşlıq edir, bir-birinin inkişafına dəstək göstərirlər. Azərbaycanın D-8 ölkələri ilə ticarət dövriyyəsi təxminən 9 milyard dollara yaxındır. Bu, kifayət qədər yüksək iqtisadi əməkdaşlıq göstəricisidir və hesab edirəm ki, zaman keçdikcə bu rəqəm daha da artacaq. D-8 ölkələri ilə əməkdaşlıq Azərbaycan üçün yeni bazarlar, yeni tərəfdaşlar və əlavə iqtisadi imkanlar yaradır. Hazırda əməkdaşlığımız daha çox neft və qaz sahəsində inkişaf etsə də, təşkilat digər istiqamətlərdə də geniş perspektivlər açır. Məsələn, kənd təsərrüfatı məhsullarının ixracı baxımından alternativ bazarların formalaşması ölkəmiz üçün vacibdir. Bu baxımdan D-8 Azərbaycana həm üzv dövlətlərlə, həm də onların tərəfdaşları ilə ticarət əlaqələrini genişləndirmək üçün yeni imkanlar və fürsətlər təqdim edir”.
Selcan Xudiyeva