Dəb dünyasında Sİ dövrü: üzdəyişdirmələr və rəqəmsal klonlar
Süni intellekt vasitəsilə yaradılan dəb modelləri brendlər üçün fotosessiya xərclərini 90%-dən çox azaltmaq imkanı yaratsa da, model sənayesi üçün böyük ekzistensial təhlükə doğurur. Zalando və About You kimi nəhəng elektron ticarət şirkətləri artıq foto studiyalarını bağlayaraq yüzlərlə iş yerini ixtisar edib və tam rəqəmsal modellərə keçid edirlər. Bu vəziyyət xüsusilə e-ticarət çəkilişlərindən gəlir əldə edən modellərin işsiz qalmaq riski ilə üz-üzə qalmasına səbəb olur.
Keçirilən araşdırmalar və məxfi müqavilələr brendlərin modellərdən olduqca təhlükəli və geniş hüquqi imtiyazlar tələb etdiyini üzə çıxarıb. Məsələn, Diesel modellər arasında üzlərin dəyişdirilməsi və üzün başqa bir bədənə yerləşdirilməsi hüququnu istəyib. Reale Actives əlavə ödəniş etmədən modellərin rəqəmsal kopyalarını yaradıb bir il boyunca onlara "sahib olmaq" şərtini irəli sürüb. Calvin Klein isə modellərin təsvirlərindən süni intellekt alətlərini öyrətmək və təlimatlandırmaq üçün istifadə etməyə çalışıb. L'Oreal kimi şirkətlər də müqavilələrdə İS texnologiyalarından retuş və görünüş dəyişiklikləri üçün geniş istifadə haqqı tələb ediblər. Müqavilələrdə istifadə olunan qeyri-müəyyən hüquqi ifadələr brendlərə təsvirlərdən istədikləri kimi istifadə etmək şəraiti yaradır.
Sənayedə Mango və Gucci kimi brendlər İS modelləri ilə eksperimentlər aparsa da, bu sahədə hüquqi tənzimləmələr hələ də çox zəifdir. Nyu-York Ştatının Dəb İşçiləri Qanunu modellərin açıq razılığı olmadan rəqəmsal kopyalarının yaradılmasını qadağan edərək nadir istisnalardan birini təşkil edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, gənc modellərin erkən yaşda İS hüquqlarını brendlərə verməsi gələcəkdə onların bütün karyerasına ciddi zərbə vura bilər.
Səkinə Musayeva