00:00:00
Yazar
Admin User
06.02.2026 15:53 54 2 dəq oxuma
Sosial

Dövlətə xəyanət ittihamında hüquqların qorunması və vəkilin rolu

Dövlətə xəyanət ittihamında hüquqların qorunması və vəkilin rolu

Dövlətə xəyanət cinayəti ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş ən ağır hüquq pozuntularından biri hesab olunur və bu cür işlər üzrə məhkəmə prosesi xüsusi qaydalar əsasında aparılır. Təqsirləndirilən şəxslər barəsində hökm çıxarılarkən sübutları məhkəmənin hərtərəfli araşdırmasş, qanunvericiliyin tələblərinə riayət olunması və prosessual normaların qorunması əsas şərt sayılır.

 

Mövzu ilə bağlı vəkil Babək Həmidov “İnformator.az”a açıqlamasında bildirib ki, dövlətə xəyanət cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə qadağan edilir və həmin maddədə cinayət əməlinin konkret təbiəti və hansı hərəkətlərlə həyata keçirilməsi açıq göstərilib:

 

“Azərbaycan Respublikası suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyətinin zərərinə Azərbaycan Respublikası vətəndaşının qəsdən törətdiyi əməl olmalıdır və bu əməl düşmən tərəfə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə təşkilatı və ya onların nümayəndələrinə kömək etmədən ibarət olmalıdır. Dövlətə xəyanətdə ittiham olunan şəxslərin ibtidai istintaqı zamanı, onların konkret qanunsuz hərəkətləri və törətdikləri əməl sübut edilməlidir. İbtidai istintaq zamanı dövlət sirrinin və ya hərbi sirrin yayılmasına diqqət yetirilməlidir. Hər hansı bir yayılma istintaq sirrinin pozulması ilə nəticələnə bilər və yayılan şəxs qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilə bilər. İstintaq tərəfi həm şəxsin lehinə, həm də əleyhinə olan sübutları toplamalıdır, lakin praktikada çox vaxt yalnız şəxsin təqsirliliyini göstərən sübutlar toplanır. Bu qismən normaldır, çünki təqsirləndirilən şəxsin müdafiəçisi bütün ibtidai-istintaq hərəkətlərində iştirak edir və lazım olan sübutları təmin edə bilmirsə, müstəntiqə və ya məhkəmə qərarı ilə həmin sübutlar təmin olunur”.

 

Vəkil bildirib ki, dövlətə xəyanətdə ittiham olunan şəxslərin hüquqlarının qorunması vəkil üçün çətin və məsuliyyətli məsələdir:

 

“Vəkil istənilən şəxsin şəxsiyyətini deyil, qanunvericiliklə müəyyən edilmiş hüquqlarını müdafiə edir. Dövlətə xəyanət kimi ağır bir cinayətdə ittiham olunan şəxsin hüquqlarını müdafiə etmək vəkilin peşə fəaliyyəti və qanuni borcudur. Məhkəmə prosesi və ibtidai istintaq zamanı ictimaiyyət, media və sosial şəbəkə istifadəçiləri şəxs haqqında məlumat verərkən onun təqsirsizliyi prezumsiyasına hörmətlə yanaşmalıdırlar. Həmin şəxs cinayətkar adlandırılmamalıdır; yalnız mötəbər sübutlara əsaslanılmalıdır”.


Vəkil vurğulayıb ki, dövlətə xəyanət ittihamı ilə bağlı hər hansı bir məhkəmə qərarı yalnız mötəbər və düzgün sübutlara əsaslanmalıdır:

 

“Hökm yalnız işə aidiyyatı olan və şəxsin həmin əməli törətməkdə təqsirini sübuta yetirən dəlillərə əsaslanmalıdır. Bu, ədalətli mühakimənin əsas şərtidir. Yəni, dövlətə xəyanət iddiasında istənilən məhkəmə qərarı mütləq qaydada mötəbər, doğru və işə aidiyyatı olan sübutlara əsaslanmalı, həmin sübutlar hökmdə əks olunmalı, yekun nəticə isə heç kəsdə şəxsin təqsirliliyinə dair şübhə doğurmamalıdır. Ədalət mühakiməsi yalnız belə təmin oluna bilər”.


Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər