DÜNYANI QƏLBİ İLƏ GÖRƏNLƏRİN KİTABXANASI
Ölkəmizdə kitabxanaların sayı kifayət qədərdir. Amma hazırda danışacaqımız kitabxana digərlərindən bir qədər fərqlənir. Gənclik metrosunun yaxınlığında Həsən Əliyev 300 ünvanında yerləşən məkanda kitabları gözləri ilə deyil, qulaqları ilə dinləyirlər. Söhbət Gözdən Əlillər üçün olan yeganə kitabxanadan gedir.
1981-ci ildən fəaliyyət göstərən kitabxana gözdən əlilləri brayl əlifbası ilə yazılan ədəbiyyat və danışan kitablarla təmin edir. Kitabxanada 19 işçi fəaliyyət göstərir. Onlardan 12-si görmə məhdudiyyətlidir. Bir vaxtlar kitabxananın oxucusu olan Ayxan da indi həmin kitabxananın əməkdaşıdır. “Kitabxananın 1500 dən artıq oxucusu var. 35000 nüsxə ədəbiyyat fondu var. Bunların əksəriyyəti bədii ədəbiyyatdır. Fondumuzda türk, azərbaycan, rus dilində, ingilis dilində ədəbiyyatlar mövcuddur. Həm yerli yazarların, həm də xarici yazarların əsərləri var”.
Buranın daimi oxucularından olan Rövşən şagird vaxtlarından bu kitabxanadan istifadə edir. Onun fikrincə, səsli kitablar onların işini daha da asanlaşdırır. “Məktəb dövründən burda birinci biz başlamışıq Brayl əlifbasından. Audio kassetlər çıxıb onlardan istifadə etmişik. Texnologiya inkişaf etdikcə, bizdə o inkişaf ayaq uydurmaqa çalışmışıq. Artıq ən müasir dövrdə internetdə audio kitabxanalar var. Bizim bu gözdən əlillərin də audio, səsli kitabları var.Onlardan daha rahat istifadə edirik”.
Kitabxanada dərs vəsaitləri, uşaqlar üçün nağıl kitabları, audiokassetlər, CD-lər, hətta Qurani-Kərimin də brayl əlifbası ilə tərcüməsi nəşr olunub.
Kitabxanada diqqət çəkən otaqlardan biri də səsyazma studiyasıdır. Kitabxanaçı Zəkəriyyə Qurbanovun sözlərinə görə, könüllülər vasitəsilə özlərinə lazım olan qədər kitabları səsləndirməyə çalışırlar. “Gəlirlər səsləndirirlər və səsləndirmədən sonra montaj prossesi gedir. Montajı da özüm edirəm. Montaj bitəndən sonra kitabları fonda təqdim edirik”. Brayl əlifbası ilə yazılan vəsaitlər isə elə həmin kitabxanada dərc edilir. “Bu bizim Brayl çap edən aparatımızdır. Respublikada ilkdir. Qoşulur kompüterə, mətni yerləşdirirlər, Brayl olaraq çap edilir.
Qeyd edək ki, kitablar və audiovizual vəsaitlər oxuculara müəyyən edilmiş təlimat əsasında verilir.
SƏBİNƏ
