Düzgün qidalanma və sağlam psixologiya
Qidalanma insan sağlamlığının əsas sütunlarından biridir və əhvali-ruhiyyəyə birbaşa təsir göstərir. Düzgün və balanslı qidalanma isə emosional sabitliyin qorunmasında mühüm rol oynayır.
Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova “İnformator.az”a açıqlamasında bildirib ki, şəkərli qidaların uşaqların inkişafına və psixoloji vəziyyətinə təsiri böyükdür:
"Atipik uşaqlarda şəkərli qidalara qarşı həssaslıq yüksək olur. Onlar şəkərli qidalar qəbul etdikdə aqressivləşirlər. Buna görə atipik uşaqlara şirniyyatlar və şəkərli içkilərin qəbulunu məsləhət görmürük. Şəkərli qidalar həm sağlam, həm də atipik uşaqlarda yuxu və emosional vəziyyətə mənfi təsir göstərir.
Sağlam qidalanan uşaqların sinir sistemi daha sakit olur, yuxuları rahat keçir. Uşaqların düzgün qidalanması gələcəkdə dərsə uyğunlaşmaları üçün çox vacibdir. Çox şirniyyat və hazır qida qəbul edən uşaqlarda sinir sistemi zəif olur və aqressiv davranışlar müşahidə edilir. Bizim yediyimiz bütün qidalar hormonal sistemimizə birbaşa təsir göstərir. Hətta hormonal sistemin bərpası üçün qidalanmaya uyğun pəhrizlər tətbiq olunur. Endokrinoloqlardan tez-tez eşidirik ki, qidaların insan orqanizminə həm müsbət, həm də mənfi təsiri var və düzgün qidalanma ilə hormonal balansı tənzimləmək mümkündür. Əgər hormonal sistemdə problem varsa, bu, insanın əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Məsələn, qalxanabənzər vəz xəstəliyi olan insanların əhvalı tez-tez dəyişir və onlar depressiyaya daha meyilli olurlar".
Selcan Xudiyeva
