00:00:00
Yazar
Admin User
01.04.2015 07:55 455 2 dəq oxuma
Siyasət

Dağlıq Qarabağ münaqişəsi İtaliyada müzakirəyə çıxarılıb

Bu görüşlərdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirilən dövlət siyasətinin istiqamətləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatlar verilib
Dağlıq Qarabağ münaqişəsi İtaliyada müzakirəyə çıxarılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya səfəri çərçivəsində bu ölkənin Senatının üzvləri - Sergio Divina, Roberto Muro, Maria Rizzotti, Nunziante Consinglio və digər parlamentarilər ilə görüşüb.
 
Səfərin məqsədi barədə məlumat verən Azay Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışaraq Şuranın QHT-lərlə dövlət arasında körpü rolunu oynadığını deyib. Azay Quliyev Şuranın QHT-lərə konsultativ, məlumat, texniki, maliyyə və digər sahələrdə hərtərəfli dəstək verdiyini, indiyədək 3 min 500 layihəyə vəsait ayırdığını qeyd edib. 
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Azay Quliyev bildirib ki,  Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün düşüb.
 
Şura sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyanın əmək və sosial siyasət naziri Culiano Poletti ilə keçirilmiş görüşündə vətəndaşların cəmiyyətin həyatında fəal iştirakının vacibliyi ilə bağlı müzakirələr aparılıb və bu istiqamətdə ölkələrimizdə görülən işlərdən danışılıb. 
 
Nazir görüşün hər iki ölkədə ictimai iştirakçılıq və vətəndaş cəmiyyətinin inkişafı sahəsində fikirləri bölüşmək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq baxımından əhəmiyyətli olduğunu vurğulayıb. “Azərbaycanda müvafiq istiqamətdə görülən işlərlə tanış olmaq bizim üçün çox maraqlıdır” - deyən nazir C.Poletti görüşün iki ölkənin dövlət qurumları arasındakı müsbət münasibətlərin nəticəsi olduğunu bildirib.
 
SVİMEZ təşkilatında keçirilən digər görüşdə qurumun prezidenti Adriano Ciannola 1946-cı ildə yaradılmış bu QHT-nin ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına böyük tövhələr verdiyini vurğulayıb. Görüşdə təşkilatın İdarə Heyəti üzvlərinə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyi haqqında ətraflı məlumat verilib. A. Ciannola bu sahədə ölkəmizin təcrübəsinin öyrənilməsinə ehtiyac olduğunu qeyd edib.
 
Keçirilən bütün görüşlərdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirilən dövlət siyasətinin istiqamətləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatlar verilib.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər