“Danışıqlar baş tutmasa, alternativ yol yalnız savaşdır” - ŞƏRH
“İran ABŞ-nin hücumlarına cavab olaraq, hətta məhdud olsa belə, davamlı zərbələr endirəcək”. Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Məcid Musəvi deyib.
Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İran arasında hərbi qarşıdurma ehtimalı artır:
“Çünki həm müharibə mərhələsində, həm də diplomatik mərhələdə proseslərin stabilləşməsinə gətirəcək nailiyyətlər əldə olunmayıb. Odur ki, əgər danışıqlar baş tutmasa, yaxud nəticə verməsə, təbii ki, alternativ yol yalnız savaşdır. İsrail hazırda Livanla problemini həll etməyə çalışır, eyni zamanda sursat toplayır. ABŞ İran ətrafına hərbi gəmilər gətirib. Müharibənin ikinci mərhələsi olarsa, ABŞ hərb mütəxəssisləri böyük ehtimalla bu dəfə fərqli strategiya seçəcəklər. Quru qoşunlarının daxil olması da istisna deyil. Hər bir halda İrana verilən bu müddət əslində ABŞ və İsrailin xeyrinə işləyir. Həm İranda kəşfiyyat işləri, həm də hakimiyyətin parçalanmasına təkan verilir. Artıq İranda hakimiyyət SEPAH-ın əlindədir. Bu təşkilatın da terror qurumu olması bir çox dövlət tərəfindən təsdiqlənib. İrana hərbi müdaxilə artıq beynəlxalq təşkilatların da əsaslandıra biləcəyi reallığa çevrilir. İranın cavab strategiyası təbii ki, ABŞ üçün konkret təhlükəyə gətirə bilməz. Lakin onun hərbi bazalarına raket hücumu ola bilər ki, bunun qarşısını almaq üçün də əvvəlcədən təhlükəsizlik tədbirləri görüləcək. Eyni zamanda bu dəfə savaş baş verərsə, böyük ehtimalla Körfəz ölkələri də qoşulacaq. Bu ölkələrin tərəddüdü ABŞ-nin onları savaşa qatıb, sonra müharibəni yarımçıq qoyması qorxusudur. Çünki belə olduğu halda İran bu ölkələri növbəti hədəf seçə bilər. Yaxın Şərqdə yeni savaş dalğası da mümkündür. Çünki Livan Hizbullahı və Yəmən Ənsarullahı İranın əsas proksiləri olaraq birbaşa proseslərə qatıla bilərlər. Hətta bu qruplar Körfəz ölkələrini də hədəf ala bilərlər. Lakinb ehtimallar göstərir ki, əgər ABŞ və İsrail bu dəfə də müharibə addımı atarsa, bu mütləq həlledici olacaq. Ona görə ki, əgər ikinci həmlədə də ABŞ İranda istədiyinə nail olmasa, bu onun məğlubiyyəti hesab olunacaq və Tehran danışıqlardan ümumiyyətlə imtina edəcək. Odur ki, bunun baş verməməsi üçün ABŞ məsələni Venesuela variantındakı kimi həll etməyə səy göstərir. Hazırkı liderlərin yeri müəyyən edilib, qəfil götürülə də bilərlər, eyni zamanda tam başqa strateji addımlar da atıla bilər”.
Aytac İbrahimova