00:00:00
Yazar
Lalə Qafarova
07.04.2026 21:09 19 2 dəq oxuma
Texnologiya

Dark web: mif yoxsa real təhlükə?

Dark web: mif yoxsa real təhlükə?

 

İnternetin görünməyən tərəfi hesab olunan "dark web" çoxları üçün ya qorxulu mif, ya da həddindən artıq şişirdilmiş anlayış kimi görünür. Xüsusi proqramlar, məsələn Tor Browser vasitəsilə daxil olunan bu mühit həm anonim ünsiyyət imkanı yaradır, həm də müxtəlif riskləri özündə birləşdirir. Bir tərəfdən senzura şəraitində azad informasiya paylaşımı üçün istifadə edilsə də, digər tərəfdən qanunsuz fəaliyyətlər və kiber cinayətlər üçün platformaya çevrilə bilir. Bu isə dark web-in həqiqətən təhlükə olub-olmaması sualını gündəmə gətirir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İnformasiya Texnologiyaları üzrə ekspert Elvin Abbasov bildirib ki, "dark web" haqqında yayılan məlumatlar həm real faktlara, həm də şişirdilən miflərin qarışığına əsaslanır:

 

"Bu mühit internetin axtarış sistemləri vasitəsilə indekslənməyən və yalnız xüsusi proqram təminatı, məsələn Tor (The Onion Router) vasitəsilə daxil oluna bilən kiçik bir hissəsidir. Çox vaxt elə təsəvvür yaradılır ki, bura yalnız cinayətkarların toplandığı yerdir, lakin əslində bu platformalar həm də avtoritar rejimlərdə anonim ünsiyyət və senzurasız məlumat paylaşımı üçün istifadə edilir. Real təhlükə isə mif deyil; burada nəzarətsiz satılan şəxsi məlumatlar, kiber-hücum alətləri və qanunsuz ticarət dövriyyəsi tamamilə realdır. Adi istifadəçinin gündəlik internet fəaliyyəti zamanı təsadüfən dark web-lə qarşılaşması praktiki olaraq mümkün deyil. Çünki standart brauzerlər (Chrome, Safari və ya Edge) ".onion" sonluqlu saytları aça bilmir və bu şəbəkələrə giriş xüsusi quraşdırma və bilərəkdən atılan addımlar tələb edir. Lakin istifadəçilərin ehtiyatsızlığı ucbatından oğurlanan şifrələri, bank kartı məlumatları və ya şəxsiyyət vəsiqəsi surətləri onların xəbəri olmadan dark web-də satışa çıxarıla bilər. Beləliklə, istifadəçi ora daxil olmasa da, onun rəqəmsal kimliyi bu mühitin bir hissəsinə çevrilə bilər. Bu mühitin cəmiyyət üçün yaratdığı ən böyük risk kiber-cinayətkarlığın "xidmət" halına gəlməsidir. Dark web-də artıq peşəkar hakerlik xidmətləri, zərərli proqramlar və fırıldaqçılıq üsulları asanlıqla alınıb-satılır ki, bu da kiber-hücumların miqyasını və tezliyini artırır. Şəxsi məlumatların kütləvi şəkildə sızdırılması və burada ticarət obyektinə çevrilməsi fərdlərin maliyyə təhlükəsizliyinə və dövlət institutlarının rəqəmsal infrastrukturuna qarşı ciddi təhdid yaradır. Eyni zamanda, qeyri-qanuni fəaliyyətlərin anonim şəkildə maliyyələşdirilməsi hüquq-mühafizə orqanlarının işini çətinləşdirən əsas amildir".

 

Banuçiçək Məmmədova

#təhlükə? #dark #web: #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər