00:00:00
Yazar
Admin User
25.12.2025 16:16 81 2 dəq oxuma
Sosial

Daxili yük və susqunluq: psixoloqa müraciətin görünməyən tərəfi

Daxili yük və susqunluq: psixoloqa müraciətin görünməyən tərəfi

 

Uzun illər psixoloqa müraciət etmək cəmiyyətdə zəiflik, “problemi var” damğası ilə eyniləşdirilib. İnsanlar fiziki ağrılarını rahatlıqla etiraf etsə də, psixoloji çətinliklərini gizlətməyə üstünlük veriblər. Bu gün psixoloji sağlamlıq haqqında daha çox danışılır, amma hələ də bir çox insan psixoloqa getdiyini açıq deməkdən çəkinir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, əsas qorxu “damğalanmaq”dır:

 

“İnsanlar düşünür ki, psixoloqa gedirsə, deməli zəifdir, özünü idarə edə bilmir və ya “ağır problemi var”. Xüsusilə də ailə və yaxın çevrənin nə deyəcəyi qorxusu çox təsir edir. Digər tərəfdən, insanlar emosional ağrını fiziki ağrı qədər real qəbul etmirlər. Halbuki psixoloji yük də bədən qədər insanı yora, zəiflədə və sıradan çıxara bilər. Hər ikisi var. Sosial şəbəkələr psixoloji sağlamlıq mövzusunu görünən edib, bu yaxşı tərəfidir. İnsanlar artıq “mən də çətinlik yaşayıram” deməyə daha cəsarətli olurlar. Amma eyni zamanda, bəzən psixologiya çox səthiləşdirilir: bir video ilə diaqnoz qoyulur, “bu cümlədə özünü tapırsansa depressiyadasan” kimi yanaşmalar yayılır. Bu isə ya insanı lazımsız qorxudur, ya da problemi yüngülləşdirib ciddi yardımdan uzaqlaşdırır”.

 

Oruvovun sözlərinə görə, hər problemi təkbaşına həll etmək məcburiyyəti insanı daha da yükləyir:

 

“Bəzən insan “özüm bacarmalıyam” deyə-deyə uzun illər susur, dözür, basdırır və nəticədə problem dərinləşir: anksiyete, depressiya, psixosomatik ağrılar ortaya çıxır. Psixoloq isə hazır cavab verən biri deyil, insanın özünü daha aydın görməsinə kömək edən peşəkardır. Necə ki, fiziki ağrı üçün həkimə gedirik, psixoloji ağrı üçün də mütəxəssisə müraciət etmək sağlam olma yolunda atılmalı olan ən önəmli addımlardandır”.

 


Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər