00:00:00
Yazar
Admin User
15.01.2026 11:41 297 3 dəq oxuma
Media

“Ədəbi dilə riayət hüquqi məsuliyyətdir”

“Ədəbi dilə riayət hüquqi məsuliyyətdir”

Bakı Dövlət Universitetində “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması, yeni çağırışlar və qanunvericilik çərçivəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

"İnformator.az" xəbər verir ki, konfrans müasir informasiya cəmiyyətində audiovizual medianın dil mühitinə təsiri, dil normalarının qorunması və bu sahədə müşahidə olunan tendensiyaların elmi müstəvidə təhlili kimi aktual məsələlərə həsr olunub.

 

 

Konfransda Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov çıxış edərək Azərbaycan dilinin milli varlığın əsas göstəricilərindən biri olduğunu vurğulayıb:

 

 

“Dil milli varlığın ən mühüm göstəricisi olmaqla yanaşı, dövlətçilik ideyasının da əsas dayaqlarından biridir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan dili dövlət dili statusuna malikdir və onun qorunması, inkişafı və tətbiqi dövlətin prioritet vəzifələri sırasındadır".

 

 

Fazil Novruzovun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini qeyd edib və bu məsələdə media subyektlərinin məsuliyyətini xüsusi vurğulayıb:

 

 

“Müasir dövrdə audiovizual media yayımlanma üsulundan asılı olmayaraq cəmiyyətin informasiya təminatında mühüm vəzifəyə malikdir və dilin normativ istifadəsinə birbaşa təsir göstərir. Televiziya, radio və rəqəmsal platformalarda yayımlanan materiallar geniş auditoriya üçün dil nümunəsi rolunu oynayır".

 

 

Fazil Novruzov bildirib ki, qloballaşma və rəqəmsallaşma Azərbaycan dilinin audiovizual mediada istifadəsinə həm imkanlar, həm də risklər yaradır:

 

 

“Audiovizual media dövlətin dil siyasətinin praktik müstəvidə həyata keçirildiyi əsas sahələrdən biridir. Burada ədəbi dil normalarına riayət edilməsi təkcə estetik məsələ deyil, həm də hüquqi və ictimai məsuliyyətdir".

 

 

O qeyd edib ki, audiovizual mediada dil məsələləri Konstitusiya, “Dövlət dili haqqında” və “Media haqqında” qanunlarla tənzimlənir:

 

 

“Qanunvericiliyə əsasən, televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli, səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Dublyaj olunan filmlər və proqramlar da dövlətin müəyyən etdiyi dil normalarına uyğun hazırlanmalıdır. İnzibati Xətalar Məcəlləsinə əsasən, media məhsullarında dövlət dili normalarının pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər üçün cərimələr müəyyən edilib. Audiovizual Şura zərurət yarandıqda bu sanksiyalardan istifadə etmək səlahiyyətinə malikdir".

 

 

Aparat rəhbəri diqqətə çatdırıb ki, müasir mediada Azərbaycan dilinin saflığını təhrif edən əsas amillərdən biri xarici sözlərin həddindən artıq işlədilməsidir:

 

 

“Bəzən Azərbaycan dilində qarşılığı olduğu halda belə, xarici sözlərə üstünlük verilir. Bu hal dilin leksik saflığını zəiflədir və süni qarışıqlıq yaradır".

 

 

Fazil Novruzov qeyd edib ki, Audiovizual Şura 2025-ci ilin noyabr-dekabr aylarında televiziya kanallarında yad sözlərin istifadəsi ilə bağlı monitorinq aparıb:

 

 

 

“Monitorinq süni zəka əsaslı proqram təminatı vasitəsilə 14 televiziya kanalının efiri üzrə aparılıb. Filmlər və bədii məhsullar monitorinqə daxil edilməyib, yalnız aparıcılar və yerli respondentlərin nitqi təhlil olunub".

 

 

Onun sözlərinə görə, monitorinqin nəticələri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna təqdim olunub və nəticələr əsasında maarifləndirmə tədbirləri planlaşdırılır:

 

 

“Dil məsələlərində yalnız cəza mexanizmlərinə deyil, maarifləndirmə və təşviq tədbirlərinə də üstünlük verilməlidir. Audiovizual media redaksiyalarında dil redaktorlarının fəaliyyət göstərməsi vacibdir".

 

 

Sonda Fazil Novruzov vurğulayıb ki, Azərbaycan dilinin audiovizual mediada qorunması milli kimliyin və dövlətçilik dəyərlərinin möhkəmlənməsinə xidmət edir:

 

 

“Dövlət, media subyektləri və cəmiyyətin birgə məsuliyyəti nəticəsində Azərbaycan dilinin audiovizual məkanda normativ, zəngin və ifadəli şəkildə qorunması mümkündür".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər