00:00:00
Yazar
Admin User
06.02.2026 11:36 52 2 dəq oxuma
Sosial

Deepfake və saxta məlumatlar

Deepfake və saxta məlumatlar

Süni intellekt texnologiyalarının sürətli inkişafı ilə birlikdə deepfake və saxta məlumatların yayılması ciddi təhlükəsizlik və etimad problemləri yaradıb. Real görüntü və səslərin saxtalaşdırılması təkcə fərdi şəxslərə deyil, həm də cəmiyyətə, mediaya və dövlət institutlarına qarşı manipulyasiya vasitəsinə çevrilir. Ekspertlər xəbərdarlıq edir ki, deepfake texnologiyaları düzgün tənzimlənmədikdə informasiya mühitində xaos və inamsızlıq yarada bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında marketinq və süni intellekt alətləri istifadəsi üzrə təlimçi Abdulla Abdullayev bildirib ki, deepfake süni intellektin görüntü və səsi öyrənərək onu təqlid etməsidir:

 

“Sistem real videoları, fotoları, səsləri analiz edir, sonra onları yeni kontekstdə yenidən yaradır. Nəticədə insanın demədiyi sözləri deyirmiş kimi, etmədiyi hərəkətləri edirmiş kimi video və audio ortaya çıxır. Ən təhlükəli tərəfi odur ki, keyfiyyət artdıqca saxtanı reallıqdan ayırmaq çətinləşir. Ən çox riskli sahə sosial mediada manipulyasiyadır. Tanınan şəxslərin, jurnalistlərin, siyasətçilərin adından saxta videolar yayılır. Şantaj halları da artır, xüsusilə adi insanlar hədəf seçilir. Maliyyə fırıldaqları da burada ciddi yer tutur, çünki saxta səs ilə zəng edib qərar verdirirlər. Media sahəsində isə yanlış xəbərlər sürətlə yayılaraq ictimai fikrə təsir göstərir. Birinci refleks inanmaq olmamalıdır. Video və ya səs emosiyaya toxunursa, xüsusilə diqqətli olmaq lazımdır. Mənbəni yoxlamaq vərdişə çevrilməlidir. Tək bir paylaşım əsasında nəticə çıxarmaq risklidir. Texnologiya sürətlə inkişaf edir, amma tənqidi düşüncə hələ də ən güclü qoruyucu mexanizmdir. Həmçinin qorunmaq üçün rəqəmsal savadlılıq da çox önəmlidir. Bu texnologiyalar sayəsində nələrin mümkün olduğunu bilsək tənqidi davranışımız artmış olacaq. Hər gördüyümüzə və eşitdiyimizə inanmayacağıq”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər