00:00:00
Yazar
Zəri Bayramlı
09.11.2026 22:31 42 2 dəq oxuma
Siyasət

Demokratlardan Kiyevə 15 milyard dollarlıq dəstək təşəbbüsü

Demokratlardan Kiyevə 15 milyard dollarlıq dəstək təşəbbüsü

ABŞ Konqresindəki demokratlar Ukraynaya 15 milyard dollar dəyərində yeni təhlükəsizlik yardımının ayrılmasını nəzərdə tutan qanun layihəsi hazırlayır. "Financial Times"ın məlumatına görə, təşəbbüsün 2027-ci ilin yanvarında yeni Konqres işə başlayanadək Milli Müdafiə Səlahiyyəti Qanununa (NDAA) düzəliş edilərək qəbul olunması planlaşdırılır. Sənədə Rusiyaya qarşı yeni sanksiyalar, Kiyevə kəşfiyyat məlumatlarının verilməsi və tutucu raketlərin tədarükünün davam etdirilməsi maddələri də daxil edilir.

 

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, demokratların bu təşəbbüsü Ağ Evin və Konqresin Ukrayna siyasətində hələ də yekdil mövqeyə malik olmadığını göstərir:

 

 

“Bu təşəbbüsün respublikaçılar arasında dəstək qazanması mümkündür, lakin Respublikaçılar Partiyasını vahid mövqedən çıxış edən siyasi qüvvə kimi qiymətləndirmək doğru olmaz. Partiya daxilində Rusiyanın hərbi təcavüzünün qarşısının alınmasını ABŞ-nin strateji maraqları baxımından vacib hesab edən qanad mövcuddur. Digər tərəfdən, Trampın siyasi xəttinə yaxın respublikaçılar Ukraynaya əlavə maliyyə vəsaitinin ayrılmasına daha ehtiyatlı yanaşırlar. Xüsusilə, yardımın ABŞ büdcəsinə təsiri, Avropa dövlətlərinin maliyyə məsuliyyəti və müharibənin uzanması ehtimalı əsas mübahisə mövzuları olacaq. Demokratların yardım paketini Milli Müdafiə Səlahiyyəti Qanununa daxil etmək istəyi də təsadüfi deyil. Çünki bu yolla Ukraynaya dəstək məsələsini ABŞ-nin ümumi milli təhlükəsizlik maraqları ilə əlaqələndirmək və respublikaçıların müəyyən hissəsinin dəstəyini qazanmaq hədəflənir. Bununla belə, təşəbbüsün qəbul edilməsi təkcə Konqresdəki siyasi qüvvələr nisbətindən deyil, Ağ Evin mövqeyindən də asılı olacaq”.

 

 Politoloqun sözlərinə görə, ABŞ-nin Ukraynaya hərbi və maliyyə dəstəyinin artırılması Rusiyanın danışıqlar masasında mövqeyinə təsir göstərə bilər:

 

 

“ABŞ-nin Ukraynaya hərbi və maliyyə dəstəyinin artırılması Rusiyanın danışıqlar masasında mövqeyinə təsir göstərə bilər. Çünki Moskvanın əsas hesablamalarından biri müharibənin uzanması fonunda Qərbin siyasi iradəsinin zəifləməsi və Ukraynanın hərbi imkanlarının tədricən məhdudlaşmasıdır. Əgər Vaşinqton Kiyevə uzunmüddətli təhlükəsizlik təminatları, hava hücumundan müdafiə vasitələri və kəşfiyyat dəstəyi verməyə davam edərsə, Rusiyanın zaman amilindən öz xeyrinə istifadə etmək imkanları darala bilər. Eyni zamanda, Rusiyanın enerji və müdafiə sektorlarına qarşı sanksiyaların sərtləşdirilməsi müharibənin iqtisadi xərclərini artıraraq Kremlin danışıqlarda daha çevik mövqe tutmasına təzyiq yarada bilər. Lakin burada mühüm məqam ondan ibarətdir ki, hərbi yardımın artırılması avtomatik olaraq Rusiyanın güzəştə gedəcəyi anlamına gəlmir”.

 

 

Bununla belə, ekspert vurğulayıb ki, hərbi yardımın artırılması avtomatik olaraq Rusiyanın güzəştə gedəcəyi anlamına gəlmir:

 

 

“Moskva bunu müharibəni davam etdirmək üçün əlavə arqument kimi də təqdim edə bilər. Əslində, demokratların təşəbbüsü təkcə Ukraynaya yardım məsələsi deyil, həm də Tramp administrasiyasının Rusiya ilə münasibətlərdə manevr imkanlarını məhdudlaşdırmaq cəhdidir. Bu baxımdan, ABŞ daxilində siyasi qüvvələr nisbətinin dəyişməsi Rusiya-Ukrayna danışıqlarının gələcək dinamikasına təsir göstərə biləcək mühüm geosiyasi amilə çevrilir”.

 

Zəri Bayramlı

#demokratlardan #xəbər #azərbaycan #dollarlıq #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər