00:00:00
Yazar
Ayan Sadi
09.11.2026 22:42 44 3 dəq oxuma
Siyasət

Ərdoğan: Azərbaycan-Türkiyə qardaşlığına heç bir qüvvə xələl gətirə bilməz

Ərdoğan: Azərbaycan-Türkiyə qardaşlığına heç bir qüvvə xələl gətirə bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz olduğunu vurğulayaraq, iki ölkə arasındakı qardaşlığı zəiflətmək istəyən qüvvələrin buna nail ola bilməyəcəyini bildirib. O qeyd edib ki, Azərbaycan və Türkiyə arasındakı dostluq və strateji tərəfdaşlıq ortaq maraqlara və möhkəm tarixi bağlara əsaslanır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, hesab edirəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər Azərbaycan-Türkiyə münasibətləri ətrafında son günlərdə yaranmış müzakirələr fonunda xüsusi əhəmiyyət daşıyır: 

 

“Düşünürəm ki, Ərdoğan bu fikirləri ilə bir daha Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz olduğunu və bu əlaqələrə hər hansı kənar təsirlərin göstərə bilməyəcəyini nümayiş etdirmiş oldu. Azərbaycanı və Türkiyəni bir-birinə bağlayan çoxsaylı amillər mövcuddur. Bu əlaqələri yalnız iki dövlətin və xalqın tarixi, dini və mədəni yaxınlığı ilə məhdudlaşdırmaq olmaz. Eyni zamanda, hər iki ölkəni regiondakı qarşılıqlı geosiyasi və təhlükəsizlik maraqları, mühüm strateji layihələr və digər amillər birləşdirir”.

 

Elşad Mirbəşiroğlu müsahibəsində qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin xarakteri regionumuzda mühüm təsirə malikdir: 

 

“Bu münasibətlər həm təhlükəsizlik, həm siyasi-iqtisadi əməkdaşlıq, həm də geosiyasi konfiqurasiyanın formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, yerləşdiyimiz regiondakı vəziyyət bütövlükdə qlobal proseslərə ciddi təsir göstərmək gücünə malikdir, bu halda Azərbaycan-Türkiyə münasibətləri daha geniş miqyasda da mühüm rol oynayır. Bu baxımdan hesab edirəm ki, Ərdoğanın mesajında qeyd olunan məqamlar xüsusi yer tutur. Türkiyə Prezidenti həm Azərbaycan-Türkiyə dostluğunu dəstəkləyən ölkələrə, həm də bu yaxınlıqdan narahatlıq keçirən digər siyasi subyektlərə bir daha nümayiş etdirdi ki, Azərbaycan və Türkiyə sarsılmaz qardaşlıq və strateji müttəfiqlik münasibətlərinə malikdir. Bu münasibətlər hər iki ölkənin milli, təhlükəsizlik, siyasi və iqtisadi maraqları baxımından son dərəcə vacibdir”.

 

Politoloq vurğulayıb ki, kənar müşahidəçilər də bu açıqlamalardan sonra Azərbaycan-Türkiyə münasibətlərinin qırılmaz bağlar üzərində qurulduğunu bir daha görəcəklər:

 

“Bu münasibətlərin alternativi yoxdur və onların gələcəkdə daha da möhkəmlənməsi, inkişaf etməsi gözləniləndir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə yalnız ikitərəfli münasibətlər baxımından deyil, digər coğrafiyalardakı siyasi və iqtisadi proseslərə təsir göstərən strateji layihələrdə də birgə iştirak edirlər. Bu əməkdaşlıq iki ölkə arasında əlaqələrin daha da yaxınlaşmasında mühüm rol oynayır. Eyni zamanda, Türk dünyasında və Türk Dövlətləri Təşkilatında mövcud olan ümumi siyasi ab-hava Azərbaycan-Türkiyə münasibətlərinin xarakterindən birbaşa asılıdır. Bildiyimiz kimi, rəsmi Ankara üçün Türk Dövlətləri Təşkilatı platforması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, Ərdoğanın Azərbaycanla Türkiyə arasındakı münasibətlərə hər hansı formada xələl gətirilməsinin mümkün olmadığını vurğulaması Türk dövlətləri platformasının gələcəyi ilə bağlı da mühüm mesaj kimi qiymətləndirilə bilər”.

 

Politoloqun sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlığı, strateji müttəfiqliyi və səmimi dostluğu Türk Dövlətləri Təşkilatında inteqrasiyanın dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi və ümumi maraqların uzlaşdırılması baxımından da həlledici amillərdən biridir:

 

“Bir məqamı da xatırlatmaq istərdim ki, həm Azərbaycanın, həm də Türkiyənin liderləri dəfələrlə iki ölkə arasındakı münasibətləri digər dövlətlər üçün səmimi dostluq, qardaşlıq və etibarlı tərəfdaşlıq nümunəsi kimi təqdim ediblər. Hesab edirəm ki, Ərdoğan səsləndirdiyi fikirlərlə bu nümunəvi münasibətlərin öz qüvvəsində qaldığını bir daha nümayiş etdirdi və Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığını təsdiqlədi”,- deyə politoloq əlavə edib.

 

Nuray Dadaşzadə

#gətirə #azərbaycan-türkiyə #heç #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər