Depersonalizasiya nədir?
İnsanlar bəzən özlərini sanki başqa birinin həyatını yaşayırmış kimi hiss edir. Ətraf mühit onlara yad və ya qeyri-real görünə bilər. Depersonalizasiya adlanan bu halın yaranma səbəbləri və insan psixologiyasına təsiri son dövrlərdə daha çox diqqət çəkir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Helin Şadfar bildirib ki, depersonalizasiya yaşayan insan özünü özünə yad hiss edir:
"İnsan mövcuddur, amma eyni zamanda yoxdur. Bədən hərəkət edir, danışır, gündəlik işləri görür, lakin daxilən uzaqlıq hiss olunur. İnsan öz səsini eşidəndə belə “bu doğrudan mənəm?” sualı yarana bilər. Emosiyalar zəifləyir, əvvəllər sevindirən və ya kədərləndirən hadisələr əvvəlki təsiri göstərmir. Hər şey avtomatik yerinə yetirilir, sanki ruh prosesdə iştirak etmir. Bəzən ətraf mühit dumanlı görünür, bəzən insan özünü robot kimi hiss edir. Bu hal qorxu yaradır, çünki dəyişiklik hiss olunsa da səbəbi tam anlaşılan olmur. Bu vəziyyət çox vaxt müvəqqəti olur və güclü stress, panik atak, travma, ayrılıq və ya uzunmüddətli emosional gərginlikdən sonra ortaya çıxır. Stress azaldıqca bu hal tədricən zəifləyə və keçə bilər. Bəzi hallarda depersonalizasiya aylarla davam edir, gündəlik həyatın zövqünü azaldır və narahatlıq yaradır. Əgər bu hiss daimi xarakter alırsa, panika və depressiv düşüncələr artırsa və həyat keyfiyyəti aşağı düşürsə, mütəxəssisə müraciət etmək vacibdir. Psixoloq və ya psixiatr dəstəyi vəziyyəti idarə etməyə kömək edir. Depersonalizasiya təhlükəli hal sayılmır, bu, beynin həddindən artıq yüklənmə zamanı yaranan müdafiə reaksiyasıdır".
Qəmər Kazımzadə
