Deputat: Azərbaycan Orta Dəhlizdə yalnız tranzit deyil, həm də qərarverici oyunçudur
Bu gün Azərbaycanın yerləşdiyi coğrafi mövqe son dərəcə mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub kimi əsas nəqliyyat xətlərinin kəsişməsində yerləşir və bu məkanda müxtəlif siyasi və iqtisadi maraqların toqquşması müşahidə olunur.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Əli Mustafa bildirib ki, Əlbəttə, Orta dəhlizin inkişafı və yükdaşma qabiliyyətinin artması Azərbaycan iqtisadiyyatına ciddi töhfə verir:
“Bu marşrut vasitəsilə əldə olunan rüsumlar, yüklərin daşınmasından gələn gəlirlər və ümumilikdə ticarət dövriyyəsinin genişlənməsi ölkəyə əhəmiyyətli maliyyə qazandırır. Eyni zamanda, ölkələr arasında iqtisadi və loqistik əlaqələrin güclənməsi Azərbaycanın geosiyasi rolunu daha da artırır. Bu dəhlizin fəaliyyəti Şərq və Avropa ilə əməkdaşlığı genişləndirir, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyini möhkəmləndirir və region dövlətləri ilə əlaqələrin inkişafına təkan verir. Bununla yanaşı, ölkənin beynəlxalq nüfuzu artır, təsir imkanları genişlənir və təhlükəsizlik baxımından sabitlik daha da güclənir. Çünki bu marşrutdan istifadə edən dövlətlər üçün Azərbaycanda sabitliyin qorunması vacib olur. Regionda böyük dövlətlərin maraqları davam etsə də, bu dəhlizlər onların Azərbaycanla əməkdaşlıq etməsini zəruri edir. Xüsusilə, Şimal-Cənub və Orta dəhlizlərin ölkəmizdən keçməsi həmin dövlətləri Azərbaycanla uzlaşmağa və qarşılıqlı maraqları nəzərə almağa vadar edir. Nəticə etibarilə, Orta dəhlizin inkişafı Azərbaycanın həm iqtisadi, həm də siyasi mövqeyini gücləndirir və ölkəyə balanslı siyasət aparmaq üçün daha geniş imkanlar yaradır”.
Selcan Xudiyeva