Dezinformasiya ilə mübarizədə medianın rolu nədir?
Müasir dövrdə məlumatın sürətlə yayılması ilə yanaşı, dezinformasiya da ciddi problemə çevrilib. Sosial şəbəkələr və onlayn platformalar yanlış xəbərlərin geniş auditoriyaya çatmasını asanlaşdırır. Bu şəraitdə medianın üzərinə düşən əsas vəzifə cəmiyyəti düzgün, dəqiq və etibarlı məlumatla təmin etməkdir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında jurnalist İlkin Məmmədkərimli bildirib ki, bugünkü dövrdə dezinformasiya anlayışı mediada özünü elə formada göstərir ki, bu, təkcə jurnalistika sahəsinin deyil, bütövlükdə cəmiyyətin təhlükəsizliyi üçün bir təhdidə çevrilib:
"Media dördüncü hakimiyyət olaraq cəmiyyətə təsir imkanına malik çox güclü vasitədir. Elə bir xəbər yayıla bilər ki, bu, bir ölkədə çevrilişə, vətəndaş qarşıdurmasına, hətta müharibəyə səbəb ola bilər. Məhz bu səbəbdən, jurnalistikada qızıl qayda var: hər bir məlumat ən azı iki etibarlı mənbədən dəqiqləşdirilməlidir. Xəbər yalnız və yalnız onun doğruluğuna tam əmin olduqdan sonra yayılmalıdır. Əks halda, saxta və ya qərəzli məlumatlar ciddi fəsadlar doğura bilər. Hər bir ölkənin media qurumları informasiya müharibəsində mühüm rol oynayır. Xüsusilə müharibə və münaqişə şəraitində informasiya müharibəsi əsas vasitələrdən birinə çevrilir. Belə vəziyyətlərdə media orqanları yalnız məlumat yaymaqla kifayətlənməməli, həm də dövlətin informasiya təhlükəsizliyinin bir hissəsi kimi fəaliyyət göstərməlidirlər. Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq, dezinformasiyaya qarşı operativ və düzgün cavab vermək medianın əsas vəzifələrindəndir. Biz digər ölkələrə öz doğru informasiyamızı daha tez, daha dəqiq və daha aydın şəkildə çatdırmalıyıq. Medianın əsas hədəfi yalnız xəbəri yaymaq deyil, doğru və təsdiqlənmiş məlumatı ilk olaraq paylaşmaq olmalıdır".
Gövhər Mehyəddinova
