Dilimiz kimliyimizdir
Dil ünsiyyət vasitəsidir. Dil vasitəsilə fərdlərarası ünsiyyətin formalaşması daimi baş verən bir prosesdir. Ana dili hər bir xalqın varlığını təsdiq edən ən başlıca amildir. Millətin dili, əlifbası onun millət kimi formalaşmasında çox mühüm rol oynayan əsas amillərdən biridir.
Mövzu ilə əlaqədar BDU-nun Jurnalistika fakültəsinin professoru, filologiya elmlər doktoru, əməkdar jurnalist Qərənfil Dünyaminqızı bildirib ki, klassiklərin gözəl fikri var ki, bir milləti məhv etmək üçün onun dilini əlindən almaq kifayətdir:
“Ona görə dilimizi yaşatmaq, onu qorumaq, gələcək nəsillərə ərmağan etmək üçün təbii ki, biz ziyalıların daha çox əməyi var. Xüsusilə, medianın rolu da böyükdür. Çünki kütləvi informasiya vasitələri bu gün yeni texnologiyanın yaratdığı şəraitə uyğun olaraq, daima cəmiyyətlə ünsiyyətdədir. Ünsiyyət zamanı insanlar dil mədəniyyəti, nitq mədəniyyəti, tarixi, bu günü və sabahı haqqında daima məlumat alırlar. Ona görə də, cəmiyyətin yeni texnologiya sayəsində informasiya bolluğuna malik olması və yeni ünsiyyət imkanlarının yaranmasında nitq mədəniyyətinin çox böyük rolu var. Dil nitqin formasıdır, fikir isə onun məzmunudur. Biz media işçiləri daima nitq vasitəsi ilə cəmiyyətlə ünsiyyətdə oluruq.
Ədəbi dilin formalaşması, zənginləşməsi, cilalanması prosesinə KİV hər zaman daha çox diqqət yetirməli, qayğı ilə yanaşmalıdır. Nitqin əsas etik normaları var ki, ünsiyyət qurmaq bacarığı, davranış mədəniyyəti, mədəni nitqin etiketləri və s., bunların hamısını biz KİV vasitəsilə həyata keçiririk. Ünsiyyət qurmaq bacarığının əsas amillərindən biridir. Ana dili haqqında uzun illər klassiklərimizdə daima onun qorunması, saflığı, dəqiqliyi, ifadəliliyi, aydınlığı, təmizliyi, sadəliyi haqqında çox dəyərli fikirlər söylənilir. Bu fikirlər ana dilimizin uzun tarixi inkişaf yolu keçməsini sübut edir. Çox təəssüflər ki, sovet hakimiyyəti dövründə ana dilinə qarşı hər zaman təqiblər, təzyiqlər olub. Baxmayaraq ki, dilimiz dövlət dili statusu alsa da, bu yalnız kağız üzərində belə olub. Bütün ölkədə istər rəsmi strukturlarda, istər digər yerlərdə bütün tədbirlər, ünsiyyət, yazışmalar yalnız rus dili vasitəsi ilə aparılıb; rus dili hökmranlığı ələ alıbdır. Bu ana dilimizə qarşı olan, təzyiqlərdən irəli gəlirdi. Amma biz müstəqilliyimizin yenidən bərpasından sonra, 1991-ci ildən Azərbaycan dilini dövlət dili kimi elan etdik, onun qorunması, yaşanması üçün sərəncamlar verilib. Dilimiz öz müstəqilliyinə qovuşub. Ana dilinin qorunması üçün hüquqi bazanın yaranmasında əsas məqsəd mühüm tarixi əhəmiyyət kəsb edən bu qərarlar, sərəncamlar bir daha təsdiq edib ki, xalq həqiqətən öz dilini unutmayıb, öz dilini məcburiyyət qarşısında qalaraq uzaqlaşdırılıb”.
Əlavə olaraq, Qərənfil Dünyaminqızı bildirilib ki, dövlətin apardığı bu işlər bir daha sübut edir ki, Azərbaycan dilinin bütün sahələrdə lazımi şəkildə tətbiq edilməsi üçün şərait var:
“Son zamanlarda KİV-də, xüsusən də, televiziya və radioda ədəbi dil normalarının pozulması ilə çox tez-tez rastlaşırıq. Təəssüf edirik ki, tele-radio verilişləri arasında məşhur teleaparıcılar hələ də ləhcə və jarqon sözlərdən istifadə edir, ki, bu da dilimizə qarşı böyük hörmətsizlikdir. Bu gün Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun yaşanması, qorunması, yüksək səviyyədə həyata keçirilməsi üçün sərəncamlar, qanunlar verilir. Bunların həyata keçirilməsində KİV-in üzərinə böyük bir missiya düşür. Unutmayaq ki, KİV, xüsusilə, televiziya ədəbi dil normalarının keşiyində çox gözəl durmalı, onu qorumalıdır. Onlar birbaşa auditoriya ilə təmasdadırlar, ünsiyyətdədirlər. Auditoriyanın mənəviyyatına və zövqünə təsir edirlər. Hələ XIX əsrin sonu, XX əsrin əvvəlləri ölkəmizdə ana dilimizin qorunması üçün klassiklərimiz gərgin mübarizə aparıblar. Sovet hökumətindən əvvəl Çar Rus hökuməti buna mane olub. Ölkədə həmişə rus-tatar məktəblərinin çoxalmasına, rus dilinin yüksək səviyyədə tədrisinə hər zaman icazə verildiyi üçün ana dilimizə qarşı təzyiq rolunu oynayıb. Bununla barışmayan ziyalılarımız da olub, dilimizlə bağlı onun qorunması haqqında çox gözəl məqalələri var. Millət olaraq varlığımızı, kimliyimizi, sabahımızı müəyyənləşdirmək üçün hər zaman bizə bu gün mayak rolunu oynayır. Sovet hökuməti dövründə dilimizə qarşı təzyiqlərin nəticəsi idi ki, bir neçə dəfə əlifbamız dəyişdirildi. Unutmayaq ki, əlifba məsələsi milli azadlıq hərəkatı məsələsində çox mühüm rol oynayır. Milli şüura, mənəvi-psixoloji duruma təsir edən əsas amillərdən biri əlifbadır. Sovet hökuməti tərəfindən dəfələrlə əlifbamızın dəyişdirilməsi millətin manqurtlaşmasına, dilindən, milli kimliyindən uzaqlaşdırılmasına cəhd idi. Buna görə də, 1929, 1939-da, sonrakı illərdə dəfələrlə əlifbamız dəyişirdi, bu da bizi tariximizdən uzaqlaşdırırdı. Buna baxmayaraq, sovet dövründə də bu mənfi siyasətlə barışmayan ziyalılarımız var idi. Bəxtiyar Vahabzadənin dil haqqında o qədər gözəl publisistik məqalələri və şeirləri var. Bəxtiyar Vahabzadə söyləyib:
Ana dilim qapı dalında qalan dilim,
Boynu bükük yetim dilim.
Həqiqətən də sovet dövründə milli kimliyimizi unutdurmaq üçün dilimizdən və əlifbamızdan başlanıldı, amma xoşbəxtlikdən buna nail ola bilmədilər. Biz böyük xalqıq. Dilimizin, milli-mənəvi dəyərlərimizin, kimliyimizin böyük və zəngin tarixi var. Tarix gec-tez üzə çıxır. Üzə çıxan tarix bizim kimliyimizi, hardan gəlib hara getməyimizi müəyyənləşdirməkdə mayak rolunu oynadı. Bu gün dilimiz dövlət dilidir. Təəssüflər ki, dilimizdən istifadə etməyə utananlar da var. Bəziləri ana dilində yanlış fikirlər söyləyirlər ki, ədəbiyyatımız, mədəniyyətimiz rus mədəniyyətindən bəhrələnib – bu yanlış fikirdir. Azərbaycan dili, mədəniyyəti, tarixi, ədəbiyyatı çox zəngin köklərə malik olan milli-mənəvi dəyərlərimizdir”.

Səadət Əlizadə
