Donald Tramp İran hakimiyyətini tənqid edib - ŞƏRH
ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətini ABŞ ilə danışıqları inkar etdiyi üçün ikiüzlü adlandırıb.
Mövzu ilə bağlı”İnformator.az”a politoloq Züriyə Qarayaeva bildirib ki, Donald Trampın bu açıqlaması ABŞ-İran münasibətlərində onsuz da zəif olan qarşılıqlı etimadı daha da sarsıda bilər:
“Vaşinqton danışıqların başladığını və İran tərəfinin görüş üçün müraciət etdiyini bildirir, Tehran isə hər hansı birbaşa danışıqların aparıldığını inkar edir. Bu ziddiyyət tərəflərin yalnız diplomatik məzmun üzərində deyil, həm də informasiya və psixoloji üstünlük uğrunda mübarizə apardığını göstərir. Trampın “yalvarırlar” kimi alçaldıcı ifadələr işlətməsi İran hakimiyyətinin daxili auditoriya qarşısında geri addım atmasını çətinləşdirir və Tehranı daha sərt ritorikaya sövq edə bilər. Bununla belə, sərt bəyanatların arxasında danışıqlar üçün təzyiq mexanizmi də dayanır. Tramp administrasiyası İranı razılaşmaya məcbur etmək üçün hərbi təhdid, iqtisadi təzyiq və ictimai diplomatiyanı paralel şəkildə tətbiq edir. Lakin tərəflərdən biri danışıqları “təslimiyyət”, digəri isə “yalvarış” kimi təqdim etdikcə kompromis imkanları daralır. Yaxın perspektivdə münasibətlərdə gərginliyin və qarşılıqlı ittihamların artması mümkündür, amma regional müharibənin və Hörmüz boğazı ətrafında böhranın ağır iqtisadi nəticələri tərəfləri dolayı vasitəçilər, xüsusilə Oman üzərindən dialoqu davam etdirməyə məcbur edə bilər”.
Nurgün Qənizadə