Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
ABŞ Prezidenti Donald Tramp Ağ Evin İranla razılaşmaya tələsmədiyini bildirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Donald Trampın İranla bağlı səsləndirdiyi fikirlər əslində yeni deyil:
"Bunlar müxtəlif vaxtlarda səsləndirilmiş mövqelərin təkrarıdır. Trampın “İranla savaşı dayandırmağı düşünmürəm” fikri də məhz bu qəbildəndir. Şübhəsiz ki, fevralın 28-də başlayan savaş hələ başa çatmayıb. Çünki bu müharibədə qalib və məğlub tərəf müəyyən edilməyib. Savaşı başladan tərəf kimi ABŞ və İsrail də qarşılarına qoyduqları hədəflərə hələ tam şəkildə nail olmayıblar. Eyni zamanda, aparılan danışıqlarda prinsipial razılaşmalar da əldə olunmayıb.
Bu baxımdan, bundan sonrakı dövrdə də müharibənin davam etmə ehtimalı kifayət qədər yüksəkdir. Baxmayaraq ki, dünən tərəflər atəşkəs rejiminin daha 60 gün uzadılması ilə bağlı razılaşma əldə ediblər.
ABŞ-nin İranla bağlı siyasəti, əlbəttə ki, Yaxın Şərqdəki müttəfiqlərinə də mənfi təsir göstərib. Artıq Körfəz ölkələri müharibənin davam etməməsi üçün ABŞ-ə müəyyən təzyiqlər göstərməyə çalışırlar. Hətta iki həftə əvvəl ABŞ Prezidenti bəyan etdi ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər rəhbərləri ilə apardığı danışıqlardan sonra İrana zərbələrin endirilməsini dayandırmaq əmri verib.
Bu müharibədə Körfəz ölkələri də kifayət qədər ciddi zərər görüblər. Onların infrastrukturuna ciddi ziyan dəyib. Digər tərəfdən, Körfəz ölkələri yarım əsrdən artıq müddət ərzində öz təhlükəsizliklərinin ABŞ-nin tam şəkildə təmin olunacağına inanırdılar. Artıq bu illüziyalar aradan qalxıb və onlar təhlükəsizlik siyasətlərini şaxələndirməyə çalışırlar.
Bunun nümunələrindən biri kimi bu ayın 7-də Məkkədə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış anlaşmanı göstərmək olar. Bu da Körfəz ölkələrinin təhlükəsizlik məsələsində alternativ tərəfdaşlıqlara yönəlməyə başladığını göstərir.
Bu baxımdan, ABŞ və İran arasında müharibənin dayandığını demək hələ tezdir. Müharibənin tamamilə başa çatması üçün tərəflər arasında prinsipial razılaşmalar əldə olunmalı və dayanıqlı sülh müqaviləsi imzalanmalıdır. Hələlik belə bir razılaşma yoxdur. Atəşkəs müddətinin uzadılması isə yeni şərtlərin formalaşdırılmasına xidmət edir.
Nəzərə almaq lazımdır ki, noyabr ayında ABŞ-də aralıq seçkiləri keçiriləcək. Həmin tarixə qədər Tramp administrasiyasına müəyyən fasilə də lazım ola bilər. Eyni zamanda, bu müddət ərzində resursların və ehtiyatların artırılması, həmçinin ictimai rəyin yenidən formalaşdırılması kimi məsələlər də öz həllini tapmalıdır.
Yəni ABŞ prezidentinin bu çıxışını həm təzyiq elementi, həm də yeni şərtlərin yaradılması cəhdi kimi qiymətləndirmək olar. Lakin bütün hallarda mövcud ritorika və gedən proseslər göstərir ki, ABŞ və İran arasında davamlı razılaşmanın əldə olunmasına hələ xeyli zaman var".
Səadət Əlizadə