00:00:00
Yazar
Ayşən Səlimova
12.03.2026 19:54 15 4 dəq oxuma
Sosial

Dövlət qulluğuna maraq artır: İmtahan iştirakçılarının yarıdan çoxu gənclərdir

Dövlət qulluğuna maraq artır: İmtahan iştirakçılarının yarıdan çoxu gənclərdir

Dövlət İmtahan Mərkəzi martın 15-də dövlət qulluğu vəzifələri üzrə test imtahanları keçirəcək. İmtahanlarda 1689 namizəd iştirak edəcək. Onlar Bakı və Naxçıvanda elektron formada təşkil olunan imtahanda biliklərini yoxlayacaqlar.

 

Mövzu ilə bağlı “Master of Science” Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu İnformator.az-a açıqlamasında bildirib ki, dövlət idarəçiliyində kadr seçiminə bir neçə əsas istiqamət təsir edir və test imtahanları şəffaf və obyektiv seçim mexanizmi yaradır:

 

“Test imtahanları vahid qaydalar əsasında keçirildiyi üçün namizədlərin bilik və bacarıqları subyektiv deyil, ölçülə bilən meyarlarla qiymətləndirilir. Bu da tanışlıq, şəxsi münasibətlər və ya qeyri-formal təsirlərin rolunu minimuma endirməyə kömək edir. İmtahanlarda hüquqi qanunvericilik, məntiq, Azərbaycan dili və kompüter bilikləri kimi sahələr yoxlanılır. Bu isə dövlət qurumlarına daha hazırlıqlı və peşəkar şəxslərin daxil olmasına imkan yaradır. Onun sözlərinə görə, belə imtahanlar rəqabət mühitinin formalaşmasına da şərait yaradır. 1689 nəfərin iştirak etdiyi imtahanda yüksək nəticə göstərmək üçün namizədlər ciddi hazırlaşmalı olurlar. Bu rəqabət isə dövlət qulluğuna qəbul olunan şəxslərin səviyyəsinin yüksəlməsinə və dövlət idarəçiliyində keyfiyyətin artmasına təsir edir”.

 

Rizvan Fikrətoğlu bildirib ki, seçilən kadrların bilik səviyyəsinin yüksək olması qərarların hazırlanması, qanunların tətbiqi və dövlət xidmətlərinin göstərilməsinin də daha keyfiyyətli olmasına səbəb olur:

 

“Eyni zamanda, elektron və şəffaf imtahan sistemi dövlət qulluğunun daha açıq və əlçatan olduğunu göstərir. Bu isə xüsusilə, gənc mütəxəssislərin dövlət sektoruna marağını artırır. Bu cür imtahanlar dövlət idarəçiliyində peşəkarlığın və meritokratiyanın-yəni bacarıq və biliyə əsaslanan seçimin formalaşmasında mühüm rol oynayır. Son illərdə gənclərin dövlət qulluğuna marağı artıb. Statistikaya görə, dövlət qulluğuna qəbul imtahanlarında iştirak edənlərin böyük hissəsi gənclərdir. Məsələn, 2021-ci ildə iştirakçıların 35,6 faizi-təxminən 4304 nəfəri 29 yaşadək gənclər olub. 2022-ci ildə bu göstərici 36,7 faiz təşkil edib. 2023-cü ildə isə gənclərin payı 42,7 faizə yüksəlib və bu da 6771 nəfər deməkdir. 2024-cü ildə iştirakçıların 51,2 faizi-8863 nəfəri gənclər olub. 2025-ci ildə isə bu göstərici 56,3 faizə çataraq 8979 nəfər təşkil edib. Rəqəmlər gənclərin dövlət qulluğuna marağının artdığını göstərir. Bu marağın əsas səbəbləri arasında stabil iş və sosial təminat, şəffaf imtahan sistemi, karyera imkanları və ali təhsilli gənclərin sayının artması göstərilir. Bununla yanaşı, bəzi problemlər də mövcuddur. Test mərhələsi kifayət qədər ədalətli olsa da, müsahibə mərhələsində bəzən yüksək nəticə göstərən namizədlər kənarda qala bilir. Bundan əlavə, vakansiyaların sayının azlığı, karyera yüksəlişinin nisbətən yavaş olması və özəl sektorla müqayisədə maaşların müəyyən qədər aşağı olması da müzakirə olunan məsələlərdəndir”.

 

Ekspert ümumilikdə qeyd edib ki, son illərdə gənclərin dövlət qulluğuna marağı artan xətt üzrə inkişaf edir və artıq imtahan iştirakçılarının yarıdan çoxunu gənclər təşkil edir:

 

“Bu isə gələcəkdə dövlət idarəçiliyində daha gənc və dinamik kadrların formalaşmasına şərait yaradır. Elektron formada keçirilən imtahanların üstünlüklərindən danışan ekspert bildirib ki, Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi elektron imtahan modeli imtahan prosesinin həm təşkilati, həm də keyfiyyət baxımından daha effektiv olmasına imkan verir. Elektron sistemdə nəticələr avtomatik hesablanır və insan müdaxiləsi minimuma endirilir. Bu da qiymətləndirmədə subyektivlik və mümkün müdaxilə risklərini aradan qaldırır.Elektron imtahanlarda nəticələr daha sürətli açıqlanır. Ənənəvi imtahanlarda cavabların yoxlanması müəyyən vaxt tələb etdiyi halda, elektron imtahanlarda iştirakçılar nəticəni imtahanı bitirdikdən dərhal sonra görə bilirlər. Elektron sistem imtahanın təşkilini də asanlaşdırır. Test variantlarının hazırlanması və paylanması avtomatlaşdırılır, sualların ardıcıllığı qarışdırılır və imtahan prosesinə nəzarət daha effektiv olur. Bundan başqa, elektron imtahan mərkəzlərinin müxtəlif şəhərlərdə təşkil edilməsi regionlarda yaşayan namizədlər üçün də daha əlverişli şərait yaradır.

 

Rizvan Fikrətoğlu bildirib ki, elektron sistem təhlükəsizlik baxımından da üstünlüklərə malikdir:

 

“Belə ki, sualların əvvəlcədən yayılması və ya köçürülməsi kimi halların qarşısını almaq daha asan olur. Hər iştirakçıya suallar fərqli ardıcıllıqla təqdim edilir. Elektron imtahanlardan sonra geniş statistik məlumatlar da əldə edilir. Bu məlumatlar hansı sualların çətin olduğunu, hansı mövzularda nəticələrin zəif olduğunu göstərir və gələcək imtahanların təkmilləşdirilməsinə kömək edir. Elektron imtahan modeli həm şəffaflıq, həm sürət, həm də effektivlik baxımından müasir dövlət idarəçiliyinin tələblərinə daha uyğun hesab olunur”.

 

Mələk Hüseynova

#qulluğuna #baki #maraq #iştirakçılarının #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər