00:00:00
Yazar
Güllər Gülhüseynova
07.07.2026 17:19 160 2 dəq oxuma
Texnologiya

Dövlət xidmətlərinin “mygov”da cəmlənməsi vətəndaşa nə qazandırır?

Dövlət xidmətlərinin “mygov”da cəmlənməsi vətəndaşa nə qazandırır?

Müasir dövrdə dövlət xidmətlərinin keyfiyyəti təkcə göstərilən xidmətlərin sayı ilə deyil, həm də onların vətəndaşlar üçün nə dərəcədə əlçatan və rahat olması ilə qiymətləndirilir. Bu baxımdan rəqəmsal platformalar dövlət idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib. Azərbaycanda da dövlət xidmətlərinin vahid rəqəmsal mühitdə təqdim olunması istiqamətində aparılan islahatlar vətəndaşların müxtəlif qurumlara müraciət prosesini xeyli sadələşdirib. Xidmətlərin “mygov” platformasında cəmlənməsi isə həm vaxta qənaət, həm də dövlət xidmətlərindən daha səmərəli istifadə imkanları yaradır. Bəs bu model vətəndaşlara hansı üstünlükləri təqdim edir?

 

Mövzu ilə bağlı İT mütəxəssisi Kamran Əsədullayev “İnformator.az”a açıqlamasında bildirib ki,  “myGov” platformasının əsas üstünlüyü dövlət xidmətlərini vahid rəqəmsal mühitdə birləşdirməsidir:

 

“Bu yanaşma vətəndaşların müxtəlif dövlət qurumlarına ayrı-ayrılıqda müraciət etməsinə ehtiyacı aradan qaldırır, xidmətlərə çıxışı sürətləndirir və prosesi daha rahat edir. Nəticədə həm vaxt itkisi azalır, həm də dövlət xidmətlərinin göstərilməsində operativlik, şəffaflıq və səmərəlilik artır. Bu, ölkədə rəqəmsal dövlət modelinin formalaşmasına mühüm töhfə verir. Vahid platforma dövlət xidmətlərinin əlçatanlığını əhəmiyyətli dərəcədə artırır. Vətəndaşlar günün istənilən saatında, olduqları məkandan asılı olmayaraq mobil cihaz və ya kompüter vasitəsilə xidmətlərdən istifadə edə bilirlər. Bu, xüsusilə regionlarda yaşayan insanlar üçün dövlət xidmətlərinə bərabər və rahat çıxış imkanı yaradır. Eyni zamanda, xidmətlərin rəqəmsallaşdırılması növbələrin, kağız sənəd dövriyyəsinin və fiziki müraciətlərin sayını minimuma endirir. Vətəndaşlar ən çox rəqəmsal sənədlərə çıxış, müxtəlif dövlət xidmətlərinə onlayn müraciət, şəxsi məlumatların vahid məkanda idarə olunması və elektron arayışların əldə edilməsi imkanlarından istifadə edirlər. Bundan əlavə, platforma məlumatların təhlükəsiz paylaşılması, müraciətlərin statusunun izlənilməsi və müxtəlif dövlət qurumları ilə elektron inteqrasiya hesabına xidmətlərin daha sürətli göstərilməsini təmin edir. İstifadəçi təcrübəsinin sadələşdirilməsi və xidmətlərin bir neçə kliklə əldə olunması “myGov”un vətəndaşlar tərəfindən geniş istifadə edilməsinin əsas səbəblərindəndir”.

 

Güllər Gülhüseynova

#myGov #Dövlət #texnologiya #İnformasiya #İT
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər