Dünya bu dəhlizi gözləyir: Bakı və Ankara yeni dünyanın xəritəsini ÇƏKİR!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfərə gəlib.
Mövzu ilə bağlı "İnformator.az"a özəl müsahibə verən Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu bildirdi ki, dövlət başçısının qardaş ölkəyə səfəri Bakı-Ankara münasibətlərinin daha da dərinləşməsinə xidmət edəcək:
"Nəzərə almaq lazımdır ki, səfər işgüzar xarakter daşıyır və dövlət başçımız Antalyada keçirilən beynəlxalq diplomatiya forumunda iştirak edir. Artıq Prezident İlham Əliyev Antalyada bir çox dövlət və hökumət başçıları ilə görüşlər keçirib. Bu təmaslar Azərbaycanın beynəlxalq münasibətlərini möhkəmləndirməklə yanaşı, həm də ölkəmiz üçün yeni iqtisadi imkanlar və əməkdaşlıq platformaları yaradacaqdır. Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olduğu üçün, bu görüşlərdən əldə edilən razılaşmalar diqqəti regionda formalaşmış yeni reallığa yönəldəcək".
Professorun sözlərinə görə, bölgədəki yeni vəziyyət sülhün təməli hesab edilən iqtisadi, ticarət və logistik əlaqələrin yaranmasına töhfə verə bilər:
"İstənilən halda sülh həm iqtisadi, həm də kommunikasiya kontekstində real zəminə söykənməlidir ki, davamlı olsun. Çünki sülhü təyin edən əsas faktorlardan biri qarşılıqlı iqtisadi maraqlardır. Bu mənada, dünyanın əsas marşrutları və kommunikasiyaların kəsişdiyi bir nöqtədə yerləşən Zəngəzur dəhlizinin imkanları bu gün olduqca cəlbedici görünür. Bu gerçəkliyi və imkanları yaradan isə məhz Azərbaycandır".
Sonda müsahibimiz vurğuladı ki, Azərbaycan sadəcə tranzit ölkə deyil, həm də enerji istehsalçısı və ixracatçısı kimi strateji mənbədir:
"Bu gün ölkəmizdə bərpa olunan enerji sahəsində böyük layihələr icra olunur və onların ciddi ixrac potensialı var. "Yaşıl dəhliz" vasitəsilə yaşıl enerji mənbələrinin ixracı nəzərdə tutulur. Bu da həm Orta Asiya, həm də Avropa üçün cəlbedici layihədir. Bütün bunlar Türkiyə-Azərbaycan münasibətlərinin dərinləşməsinə, eyni zamanda Türk Dövlətləri Təşkilatının ümumi maraqlarına xidmət edir. Azərbaycanın yaratdığı kommunikasiyalar Türkiyə üzərindən Avropaya çatır. Bu isə həm iki strateji müttəfiqin iqtisadi gücünü, həm də təhlükəsizlik qabiliyyətini daha da artıracaqdır".
Lalə Qafarova
