"Dünya Köçəri Oyunları Azərbaycan milli irsini dünyaya nümayiş etdirir" - ŞƏRH
Azərbaycan idmançıları Bişkekdə Dünya Köçəri Oyunlarının açılış mərasimində bayraqlarla keçiddə iştirak ediblər.
Mövzu ilə bağlı "İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, VI Dünya Köçəri Oyunlarında Azərbaycanın iştirakı yalnız idman hadisəsi deyil, eyni zamanda ölkəmizin zəngin mədəni irsinin və milli kimliyinin beynəlxalq səviyyədə təqdimatıdır:
“Avqustun 31-dən sentyabrın 7-dək Qırğızıstanda keçiriləcək yarışda Azərbaycanın 17 nəfərlik nümayəndə heyəti ilə təmsil olunması ənənəvi idman növlərimizin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu oyunlar Azərbaycan xalqının köçəri mədəniyyətlə bağlı ortaq tarixi yaddaşını, atçılıq ənənələrini və qədim oyunlarını dünyaya nümayiş etdirmək üçün təsirli platformadır. Hikmət Hacıyevin paylaşımında da vurğulandığı kimi, komandamız burada həm də Azərbaycan ruhunu təmsil edir”.
Züriyə Qarayeva qeyd edib ki, Dünya Köçəri Oyunları Azərbaycanın türk dövlətləri ilə əlaqələrinin möhkəmlənməsinə xidmət edən mədəni və idman diplomatiyası vasitəsidir:
"Belə tədbirlər ortaq tarixi-mədəni dəyərlər əsasında Türk dünyasında inteqrasiyanı gücləndirir, xalqlar arasında ünsiyyət və həmrəyliyi artırır. Azərbaycan nümayəndə heyətinin uğurlu çıxışı milli idman növlərimizə marağın yüksəlməsinə, gənc nəslin bu ənənələrə daha çox cəlb olunmasına da stimul verə bilər. Buna görə də, oyunlardakı iştirakımız həm idman nəticələri, həm də Azərbaycanın beynəlxalq mədəni nüfuzunun genişləndirilməsi baxımından əhəmiyyətlidir".
Qənizadə Nurgün