00:00:00
Yazar
Lalə Qafarova
16.03.2026 18:49 110 4 dəq oxuma
Sosial

Düşündürən suallar, qaçan dəqiqələr - Abituriyentlər 15 mart imtahanında nələr yaşadı?

Düşündürən suallar, qaçan dəqiqələr - Abituriyentlər 15 mart imtahanında nələr yaşadı?

15 mart tarixində ölkə üzrə 11 illik orta təhsil səviyyəsini tamamlayan şagirdlər üçün növbəti buraxılış imtahanı keçirilib.

 

“İnformator.az” olaraq imtahanda iştirak edən abituriyentlərin və təhsil ekspertinin fikirlərini öyrəndik.

 

Abituriyent Dəniz Qafarlı imtahandan sonrakı təəssüratını bölüşərək bildirib ki, suallar ümumilikdə proqram çərçivəsində olsa da, onların cavablandırılması kifayət qədər vaxt aparıb:

 

“İmtahanı normal qiymətləndirirəm. Suallar məktəb proqramına uyğun idi və yazılmayacaq dərəcədə çətin deyildi. Sadəcə, bəzi tapşırıqlar daha çox diqqət və vaxt tələb edirdi. 

Keçən illə müqayisədə bu imtahan daha çətin idi. Son iki ildə keçirilən imtahanlar nisbətən rahat idi və biz də hazırlıq zamanı əsasən həmin tip suallar üzərində işləyirdik. DİM də bu istiqamətdə müəyyən arxayınlıq yaratmışdı. Amma bu dəfə imtahan bir qədər fərqli oldu.

Əsas çətinlik vaxt məsələsi ilə bağlı idi. Adətən sınaq imtahanlarında hər üç fənni bitirdikdən sonra geri qayıdıb sualları yenidən yoxlamağa vaxt tapırdım. Bu imtahanda isə demək olar ki, buna imkan olmadı. Bir çox abituriyent kimi mən də vaxtı daha diqqətlə bölməyə çalışdım”.

 

Digər abituriyent Həsən Qasımlı da sualların bəzi məqamlarda çaşdırıcı olduğunu bildirib. Onun sözlərinə görə, ilk baxışda sadə görünən sualların cavabını tapmaq üçün daha çox düşünmək lazım gəlirdi:

 

“Ümumilikdə suallar proqram çərçivəsində idi. Lakin bir çox tapşırıq diqqət və məntiq tələb edirdi. Bəzi testlərdə cavab variantları bir-birinə çox yaxın idi və bu da seçim etməyi çətinləşdirirdi. Buna görə də, vaxtı düzgün bölüşdürmək bir qədər çətin oldu. Məncə, imtahan orta səviyyədə təşkil edilimişdi, amma diqqətlə işləmək vacib idi”.

 

Təhsil eksperti Afərim Seyidova isə imtahan suallarının proqramdan kənar olmadığını, lakin səviyyə baxımından orta-çətin olduğunu qeyd edib.

Onun sözlərinə görə, imtahanın məzmunu məktəb proqramına tam uyğun olsa da, bəzi sualların çəkisi buraxılış imtahanı üçün nisbətən ağır görünürdü:

 

“Proqramdan kənar heç nə yox idi. Ümumilikdə imtahanı orta-çətin səviyyədə qiymətləndirmək olar. Buraxılış imtahanı əsasən sadə bilik və bacarıqları yoxlamaq üçün nəzərdə tutulur. DİM-in imtahan sistemini yüksək qiymətləndirirəm.Testlər peşəkar şəkildə hazırlanır və məktəb proqramına əsaslanır. Amma bu il, xüsusilə 2023-cü ildən etibarən buraxılış imtahanlarının səviyyəsində müəyyən çətinlik hiss olunur. Məsələn, Azərbaycan dilindən vasitəsiz nitq mövzusu əvvəlki illərdə buraxılış imtahanlarında çox yer almırdı. Bu il isə həmin mövzudan sual düşməsi bir çox şagird üçün gözlənilməz oldu”.

 

Ekspert bəzi sxem tipli sualların şagirdlərdən daha çox vaxt apardığını da vurğulayıb:

 

“Bu tip tapşırıqları biz daha çox blok imtahanlarında və ya model testlərdə görürdük. Onların buraxılış imtahanına daxil edilməsi, məncə, bir qədər ağır oldu. Sualların keyfiyyətinə söz ola bilməz, lakin çəkisinin yüksək olması şagirdlər arasında narazılıq yaratdı. Üç fənni eyni vaxt çərçivəsində tam və rahat şəkildə yerinə yetirmək bir çox abituriyent üçün çətin oldu. Keçən illə bu il arasındakı fərq də məhz burada hiss olunur”.

 

Afərim Seyidova məktəbdə tədrisin səviyyəsi ilə imtahan suallarının çətinliyi arasında müəyyən uyğunsuzluğun da olduğunu qeyd edib:

 

“Alt standartlar baxımından suallar məktəb proqramına tam uyğun idi. Lakin məsələ ondadır ki, məktəblərdə həmin proqram hansı səviyyədə tədris olunur. Bu gün yükün böyük hissəsi repetitorların üzərinə düşür. Valideynlər və şagirdlər nəticəni əsasən repetitordan gözləyirlər. Məktəbdə tədrisin səviyyəsi ilə imtahan suallarının ağırlığı arasında müəyyən ziddiyyət var”.

 

Ekspert 9 martda keçirilən buraxılış imtahanı ilə 15 mart imtahanı arasında ciddi fərq olmadığını da bildirib:

 

“Struktur və məzmun baxımından hər iki imtahan demək olar ki, eyni səviyyədə idi. Bəziləri 15 mart imtahanının daha asan olduğunu deyir, lakin bu tam doğru deyil. Sadəcə, ikinci imtahana girənlər artıq sual tipinə psixoloji cəhətdən daha hazır idilər. Ona görə də, onlara nisbətən asan görünə bilərdi”.

 

Sonda ekspert bu il keçid ballarında müəyyən enişin ola biləcəyini də istisna etməyib:

 

“Düşünürəm ki, bu il keçid balları bir qədər aşağı düşəcək. Keçən il bəzi ixtisaslarda, məsələn fransız və fars dili kimi sahələrdə ballar gözləniləndən çox yüksəlmişdi. Hətta fransız dili üzrə keçid balı 600-ə çatmışdı. Bu il həmin göstəricilərin bir qədər aşağı düşməsi mümkündür.

Məsələn, Polis Akademiyası üzrə keçid balının təxminən 439-440 civarında olacağını proqnozlaşdırıram. Bununla belə, yekun nəticələr blok imtahanından sonra daha aydın olacaq”.

 

Ekspert abituriyentlərə müraciət edərək blok imtahanı ilə bağlı narahatlığa əsas olmadığını da qeyd edib:

 

“Abituriyentlər narahat olmasınlar. Blok imtahanlarının səviyyəsi, adətən, DİM-in toplularında olan testlərə yaxın olur. Ümumilikdə orta səviyyədə tərtib edilir və təxminən 5-6 sual nisbətən çətin hesab edilir”.

 

Lalə Qafarova

#abituriyent #dim #buraxılış #blok #imtahan #11illik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər