00:00:00
Yazar
Admin User
04.02.2026 17:30 60 2 dəq oxuma
Sosial

Ekran arxasında böyüyən nəsil

Ekran arxasında böyüyən nəsil

Son illərdə uşaqların texnologiya ilə keçirdiyi vaxt nəzərəçarpacaq dərəcədə artıb. Telefon, planşet, kompüter və video oyunlar onların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Valideynlər bildirirlər ki, uşaqlar ekran qarşısında uzun müddət qalır, bu isə bəzən sosial bacarıqların geridə qalmasına səbəb olur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında klinik psixoloq Gülşən Rüstəmova bildirib ki, texnologiya artıq uzun zamandır həyatımızın ayrılmaz hissəsinə çevrilib və demək olar ki, onun olmadığı dövrləri unutmuşuq:

 

"Texnologiyalar həyatımızı xeyli asanlaşdırıb. Bu məsələyə həm neqativ, həm də pozitiv prizmadan baxmaq olar və bu, insanın özündən asılıdır. Bugünkü məktəblilərin, tələbələrin, evdən işləyən və iş dünyasında olan insanların həyatında texnologiyalar mühüm rol oynayır və gündəlik fəaliyyəti asanlaşdırır. Sürətli həyat tempində informasiyanın əldə edilməsi, axtarış aparmaq və fikir bildirmək texnologiyalar sayəsində daha rahat olub. Məsələn, tələbəlik dövrümüzdə hər hansı məlumatı tapmaq üçün xeyli vaxt və enerji sərf edirdik.

 

Texnologiyalar həyatımızda istifadə məqsədinə görə dəyərləndirilməlidir. Mən onları yeni informasiya almaq, maraqlandığım mövzularla tanış olmaq və istirahət üçün istifadə edirəm: film izləyirəm, musiqi dinləyirəm. Uşaqlara gəldikdə isə, biz onları bəzən özümüzdən ayıraraq sanki üzərlərində təcrübə aparırıq. Bu yanaşma mənim üçün qəbuledilməzdir. Əgər uşaq səhər yuxudan oyananda valideynini telefon və ya planşetdə görürsə, təbii ki, onu təkrarlayacaq.

 

Əgər valideyn uşağın texnologiyadan çox istifadə etməsindən narahatdırsa, əvvəlcə öz davranışını korreksiya etməlidir. Bu, qadağa qoymaqla deyil, alternativlər yaratmaqla mümkündür. Məsələn, idmanla məşğul olan valideyn həm övladı üçün şərait yaradır, həm də ona nümunə olur. Uşağınızın ekran qarşısında çox vaxt keçirdiyini düşünürsünüzsə, dəyişikliyi ilk növbədə özünüzdən başlamalısınız".

 

Mövzu ilə bağlı valideyn Səma Mustafayeva  bildirib ki, övladının texnologiya ilə münasibəti onu narahat edir:

 

“Görürəm ki, telefon və planşetə həddindən artıq aludə olduqda həm əsəbi olur, həm də ünsiyyətdən uzaqlaşır. Buna görə də müəyyən qaydalar tətbiq etmişik. Dərslərini və ev tapşırıqlarını bitirmədən ekrana icazə verilmir, yatmazdan əvvəl isə telefon tamamilə kənara qoyulur. Eyni zamanda onu açıq havada oynamağa, ailə ilə vaxt keçirməyə və kitab oxumağa təşviq edirik. Düşünürəm ki, tam qadağa yox, nəzarətli və balanslı istifadə daha doğrudur. Əsas məqsəd texnologiyanın uşağın həyatını idarə etməsi yox, ona fayda verməsidir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər