00:00:00
Yazar
Admin User
22.11.2025 07:43 148 2 dəq oxuma
Mədəniyyət

Ekranın gücü tamaşaçıya nə dərəcədə təsir edir

Ekranın gücü tamaşaçıya nə dərəcədə təsir edir

 XXI əsrdə ictimai rəyin formalaşdığı əsas məkanlar köklü şəkildə dəyişib. Bir zamanlar qəzetlər, kitablar və tribunadan səslənən fikirlər toplumun düşüncəsinə istiqamət verirdisə, bu gün həmin rolu filmlər, seriallar və rəqəmsal platformalar öz üzərinə götürür. Ekran artıq sadəcə əyləncə vasitəsi deyil, həm də düşüncənin inşa olunduğu məkandır.

 

Kino və serialların ən böyük təsir mexanizmi eyni mesajı milyonlarla insana eyni anda və ən əsası emosional yüklə çatdırmaq bacarığıdır. Bir obrazın səsləndirdiyi bir replika kütlələrin dilinə düşə, bir davranış modeli qısa zamanda sosial normaya çevrilə bilər.

 

Bəs biz sadəcə filmi izləyirik, yoxsa film şüurumuza istiqamət verir?

 

Məsələn, güclü qadın obrazlarının populyarlaşması bir çox gənc qızların özünəinamını artırdığı halda, toksik münasibətlərin romantikləşdirildiyi seriallar zərərli davranışları “sevgi” kimi təqdim edərək yanlış qəliblər yaradır. Bu, ekranın nümunə formalaşdırmaq gücünə malik olduğunu göstərir, lakin bu nümunələr hər zaman etik olmur.

 

Öyrədən, yönləndirən, bəzən də manipulyativ ekran

 

Məsələn, "La Casa de Papel" azadlıq və etiraz anlayışlarını qlobal müzakirəyə daşıdı, "Chernobyl" informasiya gizlədilməsinin fəsadlarını yenidən gündəmə gətirdi, "Black Mirror" isə texnologiyanın görünməyən təhlükələrini milyonlara nümayiş etdirdi. Lakin hər vizual mesaj bilik deyil, bəzən sadəcə cəlbedici görüntüdə təqdim edilən ideologiyadır. Stereotiplərin davamlı təkrarı isə cəmiyyəti məsələlərə tənqidi yanaşmadan qəbul etməyə yönəldə bilir.

 

Tamaşaçı passiv izləyicidir, yoxsa təsirlənən subyekt?

 

Psixoloqlar qeyd edir ki, insan beyni emosional yükü olan görüntüləri daha uzun müddət xatırlayır. Bu səbəbdən ekranda gördüyümüz sevgi modeli, travma forması, ədalət anlayışı, hətta danışıq tərzi real davranışlara təsir edə, hətta bəzən obrazların davranışları real həyatda təkrarlana bilir. Sosioloji baxımdan isə film və seriallar dəyərləri yayır, trendləri formalaşdırır, kollektiv düşüncəni istiqamətləndirir, bəzən isə onu dar qəliblərə salır. Məsələn, 1958-ci ildə ekranlaşdırılan “Ögey ana” filmində Sevinc obrazının ögey övladına doğma ana sevgisi ilə yanaşması cəmiyyətə müsbət mesaj ötürərək sağlam ailə modelini təşviq edirdi. Bu davranışın sosial norma kimi qəbul edilməsi müsbət nəticə yarada bilər.

 

Digər tərəfdən, 1978-ci ildə çəkilən “Qayınana” filmində sərt qayınana obrazının yumorla təqdim edilməsinə baxmayaraq, onun dillərə düşən “Gəlin mənim süpürgəmdir, harada qoydum, orada durmalıdır” kimi ifadələri zərərli stereotiplərin yumorla təqdim edilməsi vasitəsilə yanlış ailə modelini insanların şüurunda normallaşdırma riski daşıyırdı. Nəticədə, bu gün ekran qarşısında oturan insan artıq sadəcə passiv izləyici deyil. O, verilən mesajı tənqid olmadan qəbul edən və bəzən də öz həyatında tətbiq edən aktiv tərəfdir. Ən başda verdiyimiz sualın cavabı necə olur-olsun, bir həqiqət dəyişmir: Ekran artıq sadəcə əyləncə vasitəsi deyil, ictimai şüuru formalaşdıran ən güclü vasitələrdən biridir.

 

Ayan Sədi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər