00:00:00
Yazar
Admin User
03.02.2026 16:15 75 2 dəq oxuma
Sosial

Eksternat imtahanları elektron formatda keçirilib

Eksternat imtahanları elektron formatda keçirilib

Bakıda təhsil sahəsində yeni mərhələyə start verilib. Yanvarın 31-də Bakıda əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün elektron qaydada eksternat imtahanları keçirilib.

 

Mövzu ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “İnformator.az”a açıqlamasında bildirib ki, bu addım təkcə texniki dəyişiklik deyil, təhsildə düşüncə tərzinin dəyişdiyini göstərir:

 

“Elektron formatda eksternat imtahanlarının keçirilməsi, fikrimcə, Azərbaycan təhsil sistemində təkcə texniki yenilik deyil, düşüncə tərzinin dəyişməsinin göstəricisidir. Bu addım göstərir ki, artıq təhsil sistemi alternativ təhsil yollarını bitirmiş, müxtəlif səbəblərdən məktəbi vaxtında başa vura bilməmiş vətəndaşlara daha çevik, müasir və əlçatan mexanizmlər təqdim etməyə başlayır. Eksternat imtahanları illərdir mövcuddur, amma kağız üzərində, uzun prosedurlarla, bəzən də subyektivlik riskləri ilə yadda qalıb. Elektron format isə bu prosesi daha şəffaf, izlənilə bilən və standartlara uyğun hala gətirir. Bu, rəqəmsal transformasiyanın artıq imtahan mühitinə də real şəkildə daxil olduğunu göstərir və gələcəkdə digər qiymətləndirmə mexanizmləri üçün də ciddi presedent yaradır. Elektron eksternat imtahanlarının ənənəvi imtahanlarla müqayisədə mühüm üstünlüyü var. İlk növbədə şəffaflıq və obyektivlik məsələsi ön plana çıxır. Elektron sistem insan faktorunun təsirini minimuma endirir, qiymətləndirmədə vahid meyarların tətbiqini təmin edir və nəticələrin operativ şəkildə açıqlanmasına imkan yaradır. Digər tərəfdən, bu format vaxt və resurs baxımından daha səmərəlidir. Kağız daşıyıcılar, fiziki yoxlama prosesi, uzun nəticə gözləmə mərhələsi aradan qalxır. İmtahanda iştirak edən şəxslər üçün də proses daha rahat və stresssiz olur, çünki qaydalar daha aydın, prosedurlar isə daha sadədir”.

 

Ekspert inklüzivlik amilini vurğulayaraq, elektron eksternat imtahanlarının illər sonra təhsilini davam etdirmək istəyən şəxslər üçün motivasiyaedici fürsət olduğunu qeyd edib:

 

“Vacib məqamlardan biri də inklüzivlikdir. Elektron eksternat imtahanları təhsildən kənarda qalan, illər sonra təhsilini tamamlamaq istəyən şəxslər üçün real və motivasiyaedici bir fürsət yaradır. Bu yanaşma təhsilin yalnız məktəb yaşı ilə məhdudlaşmadığını, ömürboyu davam edən proses olduğunu cəmiyyətə açıq şəkildə mesaj verir. Düşünürəm ki, təcrübə uğurlu olarsa, gələcəkdə eksternat imtahanlarının həm məzmun, həm də tətbiq dairəsi daha da genişlənəcək və təhsil sistemində çeviklik əsas prinsiplərdən birinə çevriləcək”.

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər