Elektron imtahan sistemi şəffaflığı artıra biləcəkmi?
Bu addım imtahan prosesində şəffaflığın artırılması, insan faktorunun minimuma endirilməsi və nəticələrin daha operativ elan olunması baxımından mühüm yenilik hesab olunur. Elektron imtahan modelinin tətbiqi həm abituriyentlər, həm də təhsil sistemi üçün yeni imkanlar, eyni zamanda müəyyən çağırışlar yarada bilər.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “İnformator.az”a açıqlamasında bildirib ki, imtahanların maliyyə təminatı və digər məsələlər də diqqətdə saxlanılır:
“Müxtəlif imtahanların elektron formada keçirilməsi nəticələrin daha erkən elan olunmasına imkan yaradır. Bu isə idarəetmənin daha səmərəli qurulmasına təsir göstərir və namizədlər imtahan başa çatdıqdan sonra nəticələri daha tez öyrənə bilirlər. Bunun müsbət cəhətləri kifayət qədərdir. İmtahanların maliyyə təminatı və digər təşkilati məsələlər diqqətdə saxlanılır, kənar müdaxilə ehtimallarının qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Texniki müdaxilə ehtimalları nəzəri olaraq mümkündür, lakin bu məsələlər nəzarət mexanizmləri çərçivəsində tənzimlənir. Regionlarda imtahan prosesi ilə bağlı hər bölgədə bir mərkəz müəyyən edilir və həmin mərkəzin infrastrukturu təmin olunur. İmtahanlar yalnız həmin mərkəzdə keçirilir. Yəni bütün ucqar kəndlərdə ayrıca imtahan təşkil olunmur, iştirakçılar müəyyən edilmiş mərkəzdə imtahan verirlər. Qəbul və buraxılış imtahanlarının nəticələrinin rəqabət mühitinə təsirinə gəldikdə isə, həm buraxılış imtahanı (qəbulun birinci mərhələsi), həm də blok imtahanı (ikinci mərhələ) üzrə nəticələrin daha erkən elan olunması ümumi prosesin vaxtında başa çatmasına şərait yaradır. Beləliklə, avqust-sentyabr aylarında qeyri-müəyyənlik yaranmır və proses iyul ayında tamamlanır. Bu da abituriyentlərin daha rahat şəkildə istirahət etməsinə imkan verir. Rəqabətə təsir məsələsində isə qaydalar hamı üçün eynidir. Hər kəs imtahan verir və yüksək nəticə göstərənlər uğur qazanırlar”.
Arzu Poladova
