Emin Əmrullayev:
Növbəti ildən tam orta məktəb modelinin əhatəliliyi artırılacaq. Nazir bildirib ki, yeni model müəllimlərin maaşına təsir edəcək və məqsəd şəhər və rayonlarda ən yaxşı müəllimlər vasitəsilə şagirdlərin dövlət hesabına ali təhsilə hazırlığını təmin etməkdir. Valideyn razı olmasa belə, dövlətin edə biləcəyi ən yaxşı addım məktəblərdə ödənişsiz hazırlıq yaratmaqdır.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, yeni model tətbiq olunarsa, o, sistemli olmalıdır və üzərində çox işlənilməlidir:
“Yeni tətbiq modeli mükəmməl işlənməli, sonra təqdim olunmalıdır. Dövlət tərəfindən maliyyələşən 10-11-ci sinif hazırlıq qrupları və repetitorluq qruplarına birbaşa təsir göstərəcək. Qısa müddətli dövrdə repetitorluğa tələbat qismən və mərhələli şəkildə azala bilər. Yüksək keyfiyyətli repetitorlarda isə ciddi dəyişiklik olmayacaq. Kurs mərkəzləri təzyiq altında qala bilər. Dövlətin ən yaxşı müəllimlərlə xüsusi hazırlıq keçməsi, xüsusilə orta gəlirli ailələr üçün alternativ yaradacaq. Bu, xüsusən riyaziyyat, Azərbaycan dili, ingilis dili kimi fənlərlə məşğul olan müəllimlərə olan tələbatı azalda bilər. Özünü artıq sübut edən repetitorlar üçün isə yenə də eyni vəziyyət qalacaq, çünki valideynlər fərdi hazırlığı daha effektiv sayırlar. Bəzi şagirdlər daha intensiv fərdi yanaşmaya üstünlük verir. Ancaq az tanınan və zəif repetitorlar üçün vəziyyət yaxşı olmaya bilər. Kursların aylıq ödənişləri dövlət hazırlığından daha bahadır. Valideynlər kursla dövlət hazırlığını müqayisə etdikcə kurslara tələbat azala bilər. Uzunmüddətli dövrdə mümkün təsirlər də ola bilər repetitorluğun ümumi həcmi azala bilər, lakin tam yox olmasını gözləmirəm. Bəzi fənlərdə repetitorluq sıfra enə bilər - bu, kimya və fizika ola bilər. Fərdi hazırlıq modeli dəyişə bilər burada repetitorlar daha kiçik qruplara özəl dərslər və nəticə zəmanətli proqramlara keçid edə bilər. Bununla bazarda keyfiyyət yüksələr, kütləvi hazırlıq dövrü sona çata bilər. Dövlət hazırlığı genişlənərsə, repetitorluq kütləvi fenomen olmaqdan çıxıb yüksək keyfiyyət istəyənlər üçün premium xidmətə çevrilə bilər. Sosial və regional təsirlər də var rayonlarda təsir az ola bilər, çünki rayonlarda repetitor qıtlığı və keyfiyyət fərqi var. Ən yaxşı müəllimlərin dövlət hazırlığına cəlb edilməsi burada ciddi təsir göstərəcək. Bakıda təsirin daha zəif olacağını düşünürəm, çünki Bakıda tanınmış repetitorlar öz auditoriyasını saxlamağa malikdir. Valideyn davranışı da dəyişə bilər “hazırlıq mütləqdir” düşüncəsi getdikcə zəifləyə bilər. Əgər dövlət hazırlığının nəticələri yüksək olarsa, repetitorluq artıq məcburi deyil, əlavə dəstək kimi görüləcək. Valideynlər maliyyə yükündən qismən azad olacaq. Dövlət hazırlığının keyfiyyəti gözləntiləri doğrultmasa, repetitorluq hətta əvvəlkindən daha çox nüfuz qazana bilər. Valideyn etimadı itərsə, sistemin təsiri minimuma enə bilər. Müəllim seçimi düzgün aparılmazsa və ən yaxşı müəllimlərin konspekti kağız üzərində qalsa, bu da etimadı azalda bilər.
Əlavə olaraq ekspert bildirib ki, dövlət tərəfindən maliyyələşən 10-11-ci sinif hazırlıq qrupları repetitorluq bazarında tam inqilab yaratmasa da, bazarın keyfiyyətini azalda və ya dəyişdirə bilər:
“Sabit qalan isə yüksək səviyyəli repetitorluq və yüksək səviyyəli kurslar olacaq. Ancaq yenə də kursların bir neçə filialının bağlanması müşahidə oluna bilər. Ümumiyyətlə, hazırlıq prosesinin detalları rəsmi şəkildə açıqlanmasa da, nazirin çıxışlarına və mövcud tendensiyalara əsaslansaq, müəllimlərin seçiminin müəyyən prinsiplər və mərhələlər üzrə aparılacağı görünür. “Ən yaxşı müəllim” meyarı əsas olacaq. Hazırlıq qrupunda çalışacaq müəllimlərin göstəriciləri - mövcud sertifikasiya nəticələri, MİQ imtahanı nəticələri kimi meyarlar - nəzərə alınacaq. Sözsüz ki, burada yüksək nəticə göstərənlərə üstünlük veriləcək. Müəllimlərin əvvəlki illərdə yetişdirdiyi məzunların nəticələri, inkişaf dinamikaları, eyni zamanda buraxılış və blok imtahanlarındakı nəticələri qiymətləndiriləcək. Müsahibə mərhələsi də ola bilər burada pedaqoji ustalıq, motivasiya, şagirdlərlə işləmə bacarığı, fənnin tədris metodları nəzərdən keçiriləcək. Müsahibələr məktəblərarası komissiya və ya regional idarə tərəfindən aparıla bilər. Seçim prosesinə məktəb rəhbərliyi, Təhsil Nazirliyinin birgə nəzarəti gözlənilir.
Rizvan Fikrətoğlu əlavə olaraq qeyd edib ki, hazırlıq qrupunda dərs deyən müəllimlər üçün daha yüksək maaş verilməsi nəzərdə tutulur:
"Yüksək reytinq və karyera nəticələri onlara vəd edilə bilər. “Hazırlıq qrupu müəllimi” statusu onlara bir növ prestij qazandıra bilər. Hazırlıq proqramlarında müəllimlərin seçimi rəqabətə əsaslanan, nəticəyönümlü, şəffaf və mərhələli model üzərində qurulacaq. Əsas prioritet isə müəllimin pedaqoji keyfiyyəti və nəticələri olacaq. Yeni tətbiq ediləcək tam orta məktəb modeli, xüsusilə 10-11-ci siniflər üçün dövlət tərəfindən maliyyələşən hazırlıq qrupları, şagirdlərin ali məktəbə hazırlıq prosesini həm məzmun, həm də təşkilati-psixoloji baxımdan ciddi dəyişəcək. Ən böyük dəyişiklik ondan ibarət olacaq ki, hazırlıq məktəbin xaricində olmayacaq - məktəbin özündə, dövlət tərəfindən maliyyələşdirilən formada aparılacaq. Bu, şagirdləri iki təhsil sistemi arasında qalmaqdan çıxarır. “Gündüz məktəb, axşam kurs-repetitor” dövrü artıq olmayacaq. Ən yaxşı müəllimlərə çıxış imkanı genişlənir. Nazir də qeyd edib ki, məqsəd ən yaxşı müəllimlərlə ödənişsiz hazırlıqdır. Sosial bərabərlik artır, potensiallı şagirdlər geridə qalmır. Hazırlıq qruplarında xüsusi mövzu xətti, təkrar və möhkəmləndirmə, imtahan strategiyaları, mövzu üzrə sınaqlar, fərdi çatışmazlıqların korreksiyası tədrisin əsas hissəsinə çevriləcək. Nəticədə, şagird hər fəndə nəyi bilməlidir - bunu çox konkret şəkildə öyrənəcək. Müsbət cəhətləri ondadır ki, psixoloji gərginlik azalır, vaxt daha düzgün istifadə edilir və nəticədə ali məktəbə yüksək və real nəticələrlə qəbul mümkün olur. Bu model həm də məktəbin fəaliyyətini dəyişir məktəbin orta balı, qəbul olan şagirdlərin faizi - bunların hamısı məktəbin inkişaf göstəricilərinə təsir göstərəcək. Məktəbin nəticəsi məktəbin adına yazılacaq. Fərdi inkişaf da nəzərə alınacaq - təkcə test üsulu deyil, şagirdlərin yumşaq bacarıqları, ixtisas yönümlü istiqamətə yiyələnməsi, düşünmə və həlli bacarıqları əsas komponent kimi dəyərləndiriləcək”.
Səadət Əlizadə
