Emosional yaddaş nədir?
Bəzən biz indiki anda yaşasaq da, reaksiyalarımız keçmişin izlərini daşıyır. Uşaqlıqda və ya gənclikdə yaşadığımız hisslər, travmalar və qorxular bu gün qərarlarımızı, münasibətlərimizi və davranışlarımızı formalaşdırır. Psixoloqlar bu halı “emosional yaddaş” adlandırır, yəni bədənin və şüurun keçmiş duyğuları unutmayıb, onları bu günə daşıyıb.
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova "İnformator.az"a açıqlamasında bildirib ki, biz insanlarla daha çox işləyərkən apardığımız söhbətlərin içərisində baxırıq ki, onların emosional yaddaşlarında, şüuraltılarında silinməyən bəzi yaralar var:
"Bəzən görürsən ki, çox kiçik şeyləri problem halına gətirə bilirlər. Məsələn: ''Anam o vaxt mandarin böləndə qardaşıma daha çox, mənə isə az verdi''.
Burada ilk olaraq valideyndən çox şey asılıdır, çünki emosional yaddaş insanda xoş günlərdən çox, daha çox neqativ olan şeyləri yadda saxlayır. Nəyə görə? Emosional yaddaş insanın, ümumiyyətlə, həyat tərzində, ruhunda ən əsas olan hisslərdən biridir. İnsan ona pis təsir edən bir şey haqqında daha çox düşünür. Ani sevinc yaranır, oksitosin hormonunu, serotonin hormonunu artırır. Xoşbəxt olduğun bir anda həmin hissi yaşayırsan, sonra unudursan, çünki xoşbəxtlik bir andır, onu o anda yaşayırsan, amma neqativ düşüncələri o qədər artıra-artıra düşünməyə başlayırsan ki, bu artıq sənin emosional yaddaşının “depo”sunu formalaşdırır. Bu depo formalaşarkən, keçmişdə yaşanmış bütün hadisələrin emosional izləri insanların bir-birinə olan münasibətinə təsir edir. Hətta insan bəzən ən yaxşı anını belə yadına sala bilmir, ancaq neqativ xatirələri xatırlayaraq özünə bir acı yaşadır. Əslində, insanlar emosional yaddaşda daha çox özlərinə zərər verirlər, bir şeyləri yadlarında saxlayaraq özlərini yükləyirlər. Bu yüklənmədən çıxmaq üçün nə qədər çalışsalar da, artıq bu yaddaş “lövbər saldığına” görə, yəni depo yarandığına görə, ondan çıxa bilmirlər və bilmirlər ki, mənfi emosiyalardan azad olmaq üçün bu anın, indiki anın xoşluğunu yaşamaq lazımdır, amma nə baş verir? İnsanların sənin haqqında olan neqativ bir düşüncəsi yaddaşda qalır. Və bu səbəbdən sənin etdiyin yaxşılıqları görə bilmirlər. Bu, hətta bacı-qardaş arasında da belə olur. Ailələrdə də valideynlər bu barədə övladlarına danışarkən böyük bir yanğı ilə, kədərlə danışırlar. Bu emosiyalar evdə böyüyən uşaqlara da ötürülür".
Psixoloq qeyd edib ki, emosional yaddaş nəsildən-nəsilə ötürülə bilir:
"Ona görə də psixoloji baxımdan ən gözəl üsullardan biri budur: bir-birinizə dediyiniz hər hansı bir sözü, acı sözü unudun, keçin. Onun haqqında çox düşünməyin. Düşünün ki, “Mən nə dedim ki, o da onu dedi"?
Hər şey qarşılıqlıdır. Nə deyiriksə, onun cavabını alırıq. Ən əsəbi insanı belə qucaqlayıb desək ki: “Sən mənim qardaşımsan. Sən mənim başımın tacısan. Sən nə deyirsənsə, mən ona əməl edəcəyəm". və ya bacı üçün: “Sən mənim böyüyümsən. Ana əvəzim, bacımsan". Bu cür ünsiyyətlər qurularsa, münasibətlər dəyişər. Təbiidir ki, bir az da “mən olsaydım sənin yerində, o cür olardım” desələr, “heç düşünmədim o anda, nə etdim” , kimi psixoloji təcrübələri özlərində 20-21 gün və ya 12 gün ərzində etsələr, bunun çox böyük müsbət nəticəsini görə bilərlər".

Sura Əliyeva
