“Enerji sazişi üçün hüquqi baza gücləndirilməlidir” - Ekspertdən ŞƏRH
Qazaxıstan parlamenti Azərbaycan və Özbəkistanla yaşıl enerji istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib ki, enerji əməkdaşlığının iqtisadi təsiri məhdud ola bilər.
Onun sözlərinə görə, Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığı regionda vahid enerji sistemi şəklində formalaşmayıb:
“Azərbaycan daha çox qonşu ölkələr - İran, Gürcüstan və Rusiya ilə ümumi enerji şəbəkəsi vasitəsilə elektrik enerjisinin alqı-satqısını həyata keçirir. Bu baxımdan Mərkəzi Asiya ölkələri ilə nəzərdə tutulan əməkdaşlığın inteqrasiya baxımından böyük əhəmiyyət daşıdığını söyləmək çətindir. Gələcəkdə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ölkələri ilə elektrik enerjisi ticarətinin mümkün olacağı ehtimal edilir. Lakin bu ölkələrin öz enerji resurslarının kifayət qədər olması belə əməkdaşlığın geniş miqyasda inkişafını çətinləşdirir. Həm günəş, həm də külək enerjisi potensialına malik olan bu ölkələrdə daxili enerji ehtiyatları kifayət qədərdir. Bu səbəbdən Azərbaycan daha çox tranzit rolunu oynaya bilər. Belə bir layihə reallaşsa belə, onun iqtisadi təsirinin böyük olacağı gözlənilmir”, - deyə o qeyd edib.
Həmçinin ekspert vurğulayıb ki, Azərbaycanda yaşıl enerji sektorunun inkişafı üçün qanunvericilik və investisiya mühiti də hələ tam formalaşmayıb:
“Azərbaycanın enerji ixracında əsas pay yenə də neft və qaz sektoruna məxsusdur. Qaz ixracı artan xətt üzrə davam etdiyi halda neft ixracında müəyyən azalma müşahidə olunur. Yaşıl enerji ixracı ilə bağlı potensial məsələsinə gəldikdə isə bu sahədə bir sıra problemlər mövcuddur. Ölkədə yaşıl enerji sektorunun inkişafı üçün zəruri qanunvericilik və institusional baza tam formalaşmayıb. Bundan əlavə, yaşıl enerjini idxal edən əsas bazarlar Azərbaycandan coğrafi baxımdan uzaq yerləşir. Eyni zamanda bəzi qonşu ölkələrdə yaşıl enerji sahəsində daha əlverişli şərait mövcuddur. Bu ölkələrdə qanunvericilik və institusional mexanizmlər daha inkişaf etmiş olduğuna görə özəl sektorun iştirakı və istehsalın genişləndirilməsi daha asan həyata keçirilir. Azərbaycanda isə bu sahədə investisiyaların cəlb edilməsi və layihələrin səmərəli şəkildə reallaşdırılması üçün hüquqi və iqtisadi mexanizmlərin daha da təkmilləşdirilməsinə ehtiyac var”.
Arzu Poladova