"Enerjidən texnologiyaya: Azərbaycan-Avropa əlaqələri genişlənir”
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərinin inkişafında mühüm əhəmiyyət daşıyır. Görüşlərdə enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri, regional təhlükəsizlik və yeni texnologiyalar sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi xadim Azər Allahverənov bildirir ki, tərəflər arasında əməkdaşlıq artıq yalnız enerji sahəsi ilə məhdudlaşmır, yeni istiqamətləri də əhatə edir:
"Avropa Siyasi Birliyinin zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin bir sıra dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri Azərbaycanla Avropa ölkələri arasında münasibətlərin getdikcə dərinləşdiyini göstərir.
Bu istiqamətlər sırasında rəqəmsal transformasiya, süni intellekt və müasir texnologiyalar xüsusi yer tutur. Azərbaycanın qəbul etdiyi Rəqəmsal İnkişaf Strategiyası da bu sahələrdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verilən əhəmiyyəti göstərir.Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin inkişafında enerji təhlükəsizliyi və nəqliyyat-logistika bağlantıları da əsas məsələlərdəndir. Bu əməkdaşlıq həm qarşılıqlı ticarət imkanlarının genişlənməsinə, həm də Cənubi Qafqazda regional təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir.
Toplantı çərçivəsində diqqət çəkən məqamlardan biri də Azərbaycan Prezidenti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri arasında strateji tərəfdaşlıq haqqında birgə bəyanatın imzalanmasıdır. Bu sənəd iki ölkə arasında mövcud əməkdaşlığın daha geniş sahələri əhatə etməsi baxımından əhəmiyyətlidir. Əvvəllər əsasən neft-qaz sahəsinə söykənən münasibətlərin yeni istiqamətlər üzrə inkişafı üçün imkanlar yaranır.Avropa Siyasi Birliyinin zirvə toplantısı çərçivəsində keçirilən görüşlər və əldə olunan razılaşmalar Azərbaycanın Avropa ilə siyasi və iqtisadi əlaqələrinin möhkəmlənməsinə, beynəlxalq mövqeyinin güclənməsinə və yeni strateji tərəfdaşlıqların formalaşmasına şərait yaradır".
Şərhçi qeyd edir ki, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, Avropa ilə bağlı xarici siyasətinin uğurlu nəticələrini də nümayiş etdirir.
Ayan Məmmədzadə