00:00:00
Yazar
Admin User
06.02.2026 16:22 288 5 dəq oxuma
Siyasət

Epşteyn qalmaqalı:

Epşteyn qalmaqalı:

 Ceffri Epşteyn azyaşlılara qarşı cinsi zorakılıq və uşaqların cinsi istismarı ilə bağlı məhkəmə qarşısına çıxarılıb. O, 2019-cu ildə Manhettendəki həbsxanada intihar edib. 30 yanvar tarixində ABŞ Ədliyyə Nazirliyi maliyyəçiyə qarşı cinayət işi ilə bağlı 3 milyon səhifəlik sənədləri ictimaiyyətə açıqlayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, Epşteyn sənədləri ilə bağlı onu qeyd etmək istərdim ki, istənilən istintaq zamanı hər hansı sənədlərin iş materiallarına daxil edilməsi istintaq orqanının səlahiyyətinə aid olan və həmin istintaq qrupunca qiymətləndirilən bir prosesdir:

 

“Bu sənədlərin hüquqi dəyəri də, məhz istintaqı aparan qurum vasitəsilə müəyyən olunur. İstənilən halda, sənədlərin həqiqiliyi yalnız üzərində möhür və ya formal əlamətlərin olması ilə deyil, həmin məlumatların ətrafında aparılan əməliyyatlar, yoxlamalar və digər sübutlarla təsdiqlənir. Əgər sənədlərdə əks olunan faktlar hadisələrin oxşarlığı, digər şəxslərin ifadələri, eləcə də, əvvəlki dövrlərdə yüksək vəzifə tutan şəxslərin ifadələri ilə üst-üstə düşürsə, bu sənədlər istintaq baxımından etibarlı və həqiqi sənədlər kimi qəbul edilə bilər.

Qeyd etmək lazımdır ki, bu hal təkcə Epşteyn sənədlərinə aid deyil. Müxtəlif ölkələrdə, hətta məişət səviyyəsində baş verən cinayət işləri üzrə də, kənardan çoxsaylı şahid ifadələri mövcuddur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296-cı maddəsinə əsasən, bilərəkdən yalan xəbər vermə və ya yalan məlumatların təqdim edilməsi cinayət məsuliyyəti yaradır. Belə hallarda, həmin fakt üzrə ayrıca cinayət işi ayrılır və müstəqil istintaq aparılır”.

 

Əlavə olaraq, professor Adil Qeybulla da bildirib ki, açılan faylların ictimailəşdirilməsi bir daha sübut edir ki, bizim gündəlik gördüyümüz həyatla yanaşı, cəmiyyətdə gizli şəkildə mövcud olan başqa bir həyat da var:


“Əyləncə axtaran, insanlıq əleyhinə cinayətlərə meyilli şəxslər üçün bu gizli meydanlarda, qapalı məkanlarda kifayət qədər fəaliyyət sahəsi yaranıb və onlar burada uzun müddət gizli şəkildə fəaliyyət göstəriblər.
Baş verən hadisələr son dərəcə iyrənc və qəbuledilməzdir. Bunlar birmənalı şəkildə insanlığa qarşı cinayətlər kimi qiymətləndirilməlidir. Xüsusilə, azyaşlılara qarşı zorakılıq, onların qorxudulması, həyatlarının məhv edilməsi və cinsi istismar cəmiyyət üçün ən ağır və bağışlanmaz cinayətlərdəndir.
Bu cür halların ictimailəşdirilməsi ABŞ cəmiyyətinin və dövlət institutlarının mühüm üstünlüklərindən biri kimi qiymətləndirilə bilər. Cinayətlərin çoxluğuna baxmayaraq, onların açıq şəkildə müzakirəyə çıxarılması üçün cəmiyyətin hazır olması və hərtərəfli müzakirəyə açıq yanaşması təqdirəlayiqdir. Bu baxımdan, Amerika cəmiyyətini alqışlamaq olar. Lakin, eyni zamanda, bu tip halların qarşısını almaq üçün daha təsirli mexanizmlər üzərində düşünülməlidir - istər cəza növlərinin sərtləşdirilməsi, istərsə də preventiv nəzarət mexanizmlərinin gücləndirilməsi yolu ilə”.

 

Daha sonra professor bildirib ki, rəqəmsal medianın inkişafı nəticəsində artıq heç nə uzun müddət gizli qalmır:


“Gec-tez hər bir fakt ictimailəşir. Epstein hadisəsi də, bu mənada, çoxları üçün ciddi dərs olmalıdır. O, yalnız anormal bir şəxs deyil, eyni zamanda, baş verən hadisələrin mərkəzində duran və müəyyən mənada həmin proseslərin də qurbanı olan bir fiqur idi. Onun həbsxanadakı ölümü bu günə qədər müəmmalı olaraq qalır və özü ilə birlikdə çoxsaylı sirləri də aparıb. Hərçənd ki, çoxlu sənədlər və fayllar açıqlanıb, Epsteinin şəxsən bildiyi, lakin açıqlanmayan məlumatların da mövcud olduğu ehtimal edilir. Şəxsi qənaətimə görə, onun ölümü təbii səbəblərlə baş verməyib.
Təbii ki, cinsi istismar nəticəsində azyaşlılara qonoreya, trixomoniaz, mikoplazma infeksiyası, framböziya, sifilis kimi müxtəlif xəstəliklərin keçməsi tam realdır. Bu cür infeksiyaların uşaqlara yoluxması mümkündür və bəzi epizodlarda yoluxma hallarının olduğu da qeyd edilib. Ehtimal etmək olar ki, bu halların əhəmiyyətli bir qismi hələ də aşkar edilməyən formada qalır.
Digər tərəfdən, zorakılığa məruz qalan uşaqların psixoloji travma alması qaçılmazdır. Bu travmalar onların gələcək həyatında dərin izlər buraxa, sosial adaptasiyanı çətinləşdirə bilər. Belə uşaqlar ya cəmiyyətə normal şəkildə inteqrasiya ola bilmir, ya da risk qrupuna daxil olaraq müxtəlif neqativ davranışlara meyil göstərə bilirlər. Buna görə də, uşaqların təhlükəsizliyi, rifahı və psixoloji məmnunluğunun təmin edilməsi hər zaman prioritet olmalıdır.
Hesab edirəm ki, Epstein hadisəsi hələ uzun müddət araşdırılacaq və zamanla onunla bağlı bir çox gizli məqamlar üzə çıxacaq”.

 

Politoloq Tural İrfan da fikirlərini “İnformator.az”a bölüşüb. O bildirib ki, Epşteyn sənədləri, ümumiyyətlə, bu hadisə, şübhəsiz ki, ABŞ və Qərbin digər kəşfiyyat və əks-kəşfiyyat qurumlarından gizli qalmayıb və fəaliyyəti müddətində bundan istifadə olunub:

 

“Epşteyn hadisəsi buna misaldır. Dünyadakı, eyni zamanda ölkə daxilindəki siyasi rəqibləri sıradan çıxarmaq üçün şantaj üsulu ilə sıradan çıxarmaq üçün bu sənədlər məxfi saxlanılır. Müxtəlif siyasilər, dövlət rəsmiləri bu kimi hadisələrə müxtəlif dairələr vasitəsilə, cəlb edilir, iştirakı təmin olunur, daha sonra isə yeri gələndə ona qarşı istifadə edilir. İndiki şəraitdə görünən odur ki, Tramp siyasi rəqiblərini dəf etmək üçün mümkündür ki, bu sənədlərdən istifadə etsin. Demək istəyir ki, təkcə mənim adım niyə hallanmalıdır, siz də bu işin iştirakçılarısınız. Nəticələr göstərir ki, sözü gedən işin içində olmayan az adam var. Ona görə də, ABŞ administrasiyası Ədliyyə nazirinin bəyanlarından da öz maraqları üçün istifadə etmək marağındadır”.

 

Əlavə olaraq politoloq bildirib ki, bu qalmaqalın ,xüsusilə, İrana hərbi müdaxilə zamanı meydana çıxması məcrasını dəyişmək istədikləri axınlara istiqamət verəcək:


“Ümumiyyətlə, belə demək mümkünsə ABŞ Qərb rəsmilərinin, orada adı keçən şəxslərin məxfi sənədlərinə əli çatdığını və iştirakçısı olduqları olaylar vasitəsilə təzyiq göstərmək əzmində olduğunu göstərmək istəyir. İşin və prosesin əsl mahiyyətindən xəbərsiz ictimai rəy yalnız media üçün yayılan hissəyə uyğun qənaətə gəlir. Lakin əsl həqiqət və sənədlərin açılmayan tərəflərinə uyğun isə dövlət dairələri addım atır, siyasətini və istiqamətini müəyyən edir. Bu hadisənin meydana çıxması təsadüf deyil, məqsədyönlüdür. Yeni dünya nizamının formalaşdırılması zəminində bu kimi hadisələrin silsilə davamlılığını müşahidə edəcəyik. Pandemiya haqqında sənədlərdə faktların olması ilə dünyaya elan olunur ki, əslində Çində baş qaldıran “Covid-19” virusunun yayılması da məhz xüsusi olaraq təşkil olunub. ABŞ Çinə mesaj verir ki, İran məsələsindı geri çəkilsin. Digər Qərb ölkələrinin liderlərini də İrana hərbi müdaxilədə hücumu dəstəkləməyə təhrik edir. Bu sənədlərin üzə çıxması əslində dünyada geosiyasi durumun fərqli istiqamətdə cərəyan etməsinə istiqamət verir. Klinton dövründə də oxşar olaylar meydana gələn, Əfqanıstan və İrana müdaxiləyə yol açan, dünyanın nizamı müəyyən qədər dəyişib. Hazırda da, eyni ssenari əsasında əsasən, Yaxın Şərqdə ABŞ planlarının həyata keçməsi üçün təlatüm yaradaraq diqqəti əsas hədəfdən yayındırır. Yaxın zamanda əsl hədəflərin nə olduğu məlum olacaq”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər