Ermənistan siyasətində yeni bloklaşma mərhələsi başlayır?
Bir gün ərzində 4 siyasi qurum “Samvel Karapetyanla Güclü Ermənistan” blokuna qoşulub: Azadlıq, Sabitlik, İrs və Ermənistan Liberal Demokratik İttifaqı. Bu barədə “Samvel Karapetyanla Güclü Ermənistan” bloku məlumat yayıb.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, bu birlik qısa müddətdə tam sistem dəyişikliyi yaratmasa da, siyasi balansda müəyyən tərpəniş yarada bilər:
“Bir neçə partiyanın eyni blokda toplanması parçalanmış müxalif elektoratı konsolidasiya etmək cəhdi kimi görünür. Bu, xüsusilə, seçki dövründə əlavə siyasi çəkidə özünü göstərə bilər. Amma burada əsas məsələ həmin blokun real təşkilatlanma gücü, maliyyə resursları və ictimai dəstək səviyyəsidir. Əgər bu birlik yalnız formal koalisiya olaraq qalarsa, balansı köklü şəkildə dəyişməz. Lakin effektiv kampaniya aparılarsa, Nikol Paşinyan hakimiyyətinə qarşı alternativ mərkəz formalaşdıra bilər. Rusiyanın bu məsələdə rolu isə daha strateji və dolayı xarakter daşıyır. Samvel Karapetyanın adı ətrafında verilən siqnallar göstərir ki, Moskva Ermənistan daxilində müəyyən fiqurlar üzərindən təsir imkanlarını saxlamağa çalışır. ‘Rusiya pasportu olanların seçkiyə qatılması’ kimi mesajlar, əslində, Kremlin Ermənistanın daxili siyasi proseslərinə marağını və təsir rıçaqlarını qoruma niyyətini göstərir. Bu kontekstdə Karapetyan faktoru həm siyasi alternativ kimi, həm də Rusiya-Ermənistan münasibətlərində təzyiq və balans elementi kimi istifadə oluna bilər”.
Nuray Əliyeva