Ermənistan tərəfi Gürcüstanla münasibətlərə həssas yanaşır- ŞƏRH
Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 15-16-da Ermənistanda keçirilən BMT-nin Biomüxtəliflik haqqında Konvensiyasının 17-ci sessiyasında iştirak edir. O, Liderlər Sammitində çıxış edəcək və rəsmi açılış mərasimində iştirak edəcək.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Elşad Mirbəşir bildirib ki, bu səfər Ermənistanın baş naziri Paşinyanın dəvəti ilə baş tutur:
“Hər şeydən öncə Ermənistanla Gürcüstan arasında yüksək səviyyədə təmasların olduğuna dəlalət edir. Yəni Paşinyanın da dəvəti ilə İrakli Kobaxidze BMT-nin Biomüxtəliflik haqqında konvensiyasının 17-ci konfransına qatılır. Yəni bu dəvətə cavab olaraq Kobaxidzenin Ermənistana səfər etməsi iki ölkə arasında sözsüz ki, dialoq mühitinə müsbət təsir göstərir. Səfər çərçivəsində də, bir qayda olaraq, müzakirələr təkcə mahiyyəti üzrə aparılmır, həm də əməkdaşlığın müxtəlif istiqamətləri üzrə müzakirələr həyata keçirilir”.
Müsahibin sözlərinə görə, nəzərə almaq lazımdır ki, Gürcüstan Ermənistan üçün strateji əhəmiyyət kəsb edir:
“Çünki Ermənistanın hazırda yeganə çıxış yolu əsasən İran istiqamətindəki təhlükələri nəzərə almış olsaq, Gürcüstan üzərindəndir. Ona görə də Ermənistan tərəfi Gürcüstanla münasibətlərə, hesab edirəm ki, çox həssas yanaşır. Gürcüstan da öz növbəsində Ermənistanla əlaqələrin inkişaf etdirilməsində sözsüz ki, maraqlıdır. İki ölkə arasında 2024-cü ildə strateji tərəfdaşlıq sənədi imzalanıbdır.
Güman edirəm ki, tərəflər belə təmaslar zamanı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun müzakirələr aparmaq, addımlar atmaq niyyətini saxlayırlar”.
Nəticə olaraq politoloq qeyd edib ki, bu səfər regional dövlətlər arasında əməkdaşlığı inkişaf etdirir:
“Həmçini gələcəkdə Azərbaycanla Ermənistan arasında, sözsüz ki, əgər Ermənistan konstruktiv yol tutarsa, sülh sənədi imzalanarsa, onda bütövlükdə regional əməkdaşlığın daha intensiv olması üçün də əhəmiyyətli ola bilər. Yəni Cənubi Qafqaz regionunun hər üç ölkəsi arasında təmasların sıxlaşdırılması öz-özlüyündə regionun ümumi vəziyyəti üçün müsbət hal kimi qiymətləndirilə bilər”.
Aysu Abbasova